
Belçikada aparılan son istintaq çərçivəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Moqerininin saxlanılması Avropa siyasi dairələrində ciddi rezonans doğurub. Avropa Kolleci üçün keçirilmiş tenderdə dələduzluq hallarına dair iddialar, bununla bağlı üç nəfərin, o cümlədən Avropa İttifaqının diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino və Moqerininin nəzarətə götürülməsi Avropa İttifaqı institutlarının nüfuzuna ciddi zərbə vurub. Bu hadisə təkcə bir korrupsiya epizodu deyil, Avropanın uzun illər boyunca üzv ölkələrə və tərəfdaş dövlətlərə, həmçinin Azərbaycana standart müəyyən edən “etik hakim” roluna uyğunluğunu sual altına salır. Mövcud qalmaqal Avropa strukturlarında korrupsiya risklərinin sistemli xarakter daşıdığını bir daha nümayiş etdirir.
Federika Moqerini 2014-2019-cu illərdə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, 2020-ci ildən isə Avropa Kollecinin rektoru kimi fəaliyyət göstərib. Onun saxlanılması Avropa diplomatiya sistemində çox az rast gəlinən hadisədir. İstintaqın mərkəzində Avropa Kolleci üçün keçirilən tenderdə ədalətsiz rəqabət, maraqlar toqquşması və maliyyə maxinasiyası ehtimalları dayanır. Tender sənədlərinin əvvəlcədən müəyyən şəxslərə ötürülməsi, maliyyə vəsaitlərinin ayrılmasında qeyri-şəffaflıq, təsir dairələrinin şəxsi maraqlar naminə istifadə edilməsi ehtimalları Avropa bürokratiyasında dərin institusional problemlərə işarədir. Bu, Avropa İttifaqı üçün sadəcə hüquqi yox, həm də imic böhranıdır. Çünki həmin qurum özünü ümumavropa dəyərlərinin ən ali müdafiəçisi kimi təqdim edir.
Avropa İttifaqı institutlarında korrupsiya ənənəsi ilk hadisə deyil. Lakin Moqerini-Sannino hadisəsi Avropa strukturlarında korrupsiya hallarının nə qədər sistemli və tarixi olduğunu yenidən gündəmə gətirib. Son illərdə baş vermiş bir neçə nümunə bunu təsdiqləyir. Xatırlamaq yerinə düşər ki, Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin milyonlarla avro dəyərində rüşvət almaqda ittiham olunması Avropa siyasi elitasında şok yaratmışdı. Bu işdə lobbi qrupları, QHT şəbəkələri və gizli maliyyə kanalları üzə çıxmışdı. Digər tərəfdən Avropa İttifaqının təhsil, diplomatiya, təhlükəsizlik və enerji sahələrinə ayırdığı qrant və tenderlərin yüz milyonlarla avroya çatdığı nəzərə alınsa, bu sahələrdə audit və nəzarət mexanizmlərinin zəifliyi illərdir müzakirə olunur. Bu baxımdan “şəffaflıq”, “hüququn aliliyi”, “etik idarəetmə” kimi dəyərləri təbliğ edən Avropa İttifaqının öz daxilində korrupsiya hallarının müəllifinin məhz yüksək vəzifəli diplomatlar olması Avropanın öz iddialarına nə qədər sadiq olduğu sualını gündəmə gətirir. Mövcud qalmaqal göstərir ki, Avropa İttifaqı başqalarına korrupsiya dərsi keçərkən, özünün yüksək səviyyəli strukturlarında ciddi sui-istifadələr baş verir və müxtəlif vaxtlarda bu kimi hallarla bağlı Azərbaycana yönələn ittihamların bir hissəsi siyasi motivlidir, Avropanın geosiyasi maraqları ilə şərtlənir. Digər tərəfdən Avropa İttifaqının “etik üstünlük” imici real vəziyyətlə uzlaşmır, Avropa dövlətləri üçün qəbulolunmaz davranışlar ittifaq institutları daxilində illərdir sistematik xarakter daşıyır. Bu, region ölkələrinin, o cümlədən Azərbaycanın Avropadan gələn siyasi təzyiq və tənqidləri daha kritik şəkildə qiymətləndirməsi üçün əsas yaradır.
Moqerini qalmaqalı bir daha sübut edir ki, Avropa İttifaqının tender, qrant, satınalma və diplomatik təlim mexanizmləri köklü islahat tələb edir, nəzarət sistemləri real deyil, formal xarakter daşıyır, ittifaq daxilində korrupsiya üçün münbit şərait var, şəffaflıq və audit institutları gücləndirilməsə, bu cür hadisələr gələcəkdə də təkrarlanacaq. Bu hadisə eyni zamanda Avropanın digər ölkələrə “etik nümunə” rolunda çıxış etməsi iddiasına ciddi zərbə vurur.
MTM Analitik Qrupu
