UNESCO SEÇKİLƏRİ AZƏRBAYCANIN DİPLOMATİK GÜCÜNÜ BİR DAHA GÖSTƏRDİ – ŞƏRH

Azərbaycan hökumətinin həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir, mühüm tədbirlərə ev sahibliyi edir və qlobal təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış edir. Bu uğurların növbətisi UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə Azərbaycanın 2025–2029-cu illər üçün yenidən seçilməsi oldu.

Bu, sadəcə diplomatik nailiyyət deyil. Azərbaycanın beynəlxalq humanitar və mədəni siyasətdə artan rolunun, qlobal mədəni irsin qorunmasına verdiyi töhfələrin növbəti təsdiqidir. Seçki UNESCO çərçivəsində keçirilən 16-cı tərəf dövlətlərin iclasında baş tutub və ölkəmizə qarşıdakı dörd il ərzində mədəni irsin mühafizəsinə dair beynəlxalq qərarların formalaşdırılmasında iştirak imkanı yaradıb.

Komitənin mandatı son dərəcə həssas və stratejidir. Silahlı münaqişələr zamanı mədəni abidələr ən çox zərər görən obyektlər sırasındadır – talan edilir, dağıdılır və ya məqsədli şəkildə hədəfə alınır. Bu Komitə isə belə risklərin qarşısının alınması, abidələrin qorunması, bərpa proseslərinin təşkili və dövlətlərarası koordinasiyanın gücləndirilməsi ilə məşğul olur. Azərbaycanın bu qurumda təmsil edilməsi ölkəmizin bu sahədə etibarlı və peşəkar tərəfdaş kimi tanınmasının göstəricisidir.

Azərbaycanın UNESCO ilə əməkdaşlığı uzun illərə dayanır. Ölkəmiz 1954-cü il Haaqa Konvensiyasını və onun İkinci Protokolunu ratifikasiya edib, UNESCO-nun müxtəlif proqramlarında və komitələrində aktiv rol oynayıb. 2021–2025-ci illərdə Komitədə üzv kimi gördüyü işlər, münaqişə zonalarında mədəni irsin qorunması istiqamətində etdiyi müraciətlər və təşəbbüslər Azərbaycanın bu sahədə prinsipial və peşəkar mövqeyini gücləndirib. Bu amillər növbəti dəfə seçilməsində mühüm rol oynayıb.

Azərbaycan üçün bu təmsilçilik mədəni diplomatiyanın daha da güclənməsi deməkdir. Ölkə mədəni irsin qorunmasını təkcə milli məsələ deyil, qlobal məsuliyyət kimi qəbul edir. Ermənistanın işğal dövründə dağıtdığı tarixi və dini abidələrin bərpası, mədəni müxtəlifliyin qorunması və beynəlxalq dəstəyin cəlb edilməsi sahəsində Azərbaycanın əldə etdiyi təcrübə UNESCO səviyyəsində də yüksək dəyərləndirilir.

Bu təcrübənin qlobal platformada təqdim olunması həm yeni əməkdaşlıqlar üçün imkanlar yaradır, həm də Azərbaycanın mədəni irsin qorunması üzrə modelinin beynəlxalq praktikaya inteqrasiyasına şərait yaradır.

UNESCO-nun nüfuzlu bir strukturunda təmsilçilik Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirir və ölkəmizin qlobal qərarvermə proseslərində iştirakını artırır. Bu seçki həm də Azərbaycanın dünyada etibarlı, humanitar dəyərlərə sadiq və mədəni irsin qorunmasına xüsusi önəm verən dövlət imicini daha da möhkəmləndirir.

Nəticə etibarilə, Azərbaycan UNESCO Komitəsindəki fəaliyyəti ilə həm öz mədəni irsini qorumaq üçün yeni imkanlar əldə edir, həm də beynəlxalq ictimaiyyətə mədəni dəyərlərin müdafiəsi sahəsində məsuliyyətli tərəfdaş olduğunu bir daha sübut edir. Bu da ölkəmizin dünyada söz sahibi olma yolunda ardıcıl və sistemli şəkildə irəlilədiyini göstərən mühüm nümunələrdən biridir.

MTM Analitik Qrupu