
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının 2025-ci buraxılışı dekabrın 5-dən 11-dək Bakıda keçiriləcək.
Regionun mühüm mədəni tədbirlərindən birinə çevrilən festival Azərbaycanı dünyanın müxtəlif ölkələrindən gələn rejissorlar, prodüserlər və kino həvəskarları üçün canlı bir görüş məkanına çevirir.
İkinci ildir təşkil olunan “Baku Cinema Breeze”in məqsədi Azərbaycanın film sənayesinin regional mərkəzə çevrilməsinə, beynəlxalq əməkdaşlığa, koproduksiyaların və yaradıcı mübadilənin genişlənməsinə töhfə verməkdir. Bu il festival 30-dan çox ölkədən iştirakçıları qəbul edəcək, 100-dən çox beynəlxalq qonağın iştirakı, müxtəlif baxış bucaqlarını təmsil edən 50-dən artıq filmin nümayişi nəzərdə tutulur. Proqramın əsas istiqamətlərini ATA – Türk Animasiya Festivalı,16-cı Bakı Beynəlxalq Film Festivalı, O’Market – Şərq Ölkələri Kino Bazarlar, İslam Ölkələri Günləri, CinemaTalks sənaye panelləri təşkil edəcək.
Festival günlərində paytaxtda “Baku Cinema Breeze” nümayişləri keçiriləcək. Proqrama Bakı Beynəlxalq Film Festivalı və Türk Animasiya Assosiasiyasının (ATA) film nümayişləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistan istehsalı filmlər daxildir.
Bununla yanaşı, dörd xüsusi premyera təqdi olunacaq – “Boşluğa Xütbə”, “Kür – Çaylar anası”, “Her şeyin başı Merkür” və “Bu gün güzel” filmləri yerli tamaşaçılara təqdim ediləcək. Ümumilikdə, beynəlxalq festivallarda diqqət çəkmiş ekran əsərlərini, uşaqlar üçün nəzərdə tutulan animasiya filmlərini də əhatə edən müxtəlif janr və kateqoriyalı 50-yə yaxın film nümayiş olunacaq.
