ERMƏNİSTAN-KTMT: PASSİV İŞTİRAK, AKTİV MƏSAFƏ…

Ermənistanın Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son sammitinə qatılmaması rəsmi İrəvanın Rusiya rəhbərliyi altında fəaliyyət göstərən təhlükəsizlik blokundan addım-addım uzaqlaşmasının növbəti nümayişi idi. Son illərdə KTMT ilə münasibətləri “dayandırılmış, lakin qoparılmamış” formatda davam etdirən Ermənistan rəhbərliyi bu dəfə də təşkilatın tədbirinə qatılmayaraq Qərbə inteqrasiya xəttini bir qədər də dərinləşdirdi. Lakin diqqətçəkən məqam odur ki, İrəvan nümayəndələrinin toplantılara qatılmamasına baxmayaraq, Ermənistan KTMT-nin qəbul etdiyi qərarların bloklanmasına çalışmır, təşkilat daxilində öz funksional mövqeyini formal olaraq qoruyur. Bu, Ermənistanın açıq şəkildə təşkilatı tərk etmək niyyətində olmadığının rəsmi təsdiqi kimi görünür.

Ermənistanın KTMT-dən çıxmaq barədə radikal addım atmamasının başlıca səbəbi regionda gedən həssas proseslər, xüsusilə də Azərbaycanla sülh prosesinin həlledici mərhələyə daxil olmasıdır. Nikol Paşinyan hakimiyyəti anlayır ki, Azərbaycanla sülh sazişi imzalanmadan KTMT-ni tərk etmək qlobal güclər arasında yeni balanssızlıq yarada, Rusiya ilə münasibətlərin tam qırılması Moskvanın Cənubi Qafqaz siyasətində Ermənistanı daha zəif mövqeyə sala bilər. KTMT-ni rəsmən tərk etmək Ermənistan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından müəyyən risklər də yaradar. Buna görə Paşinyan hökuməti KTMT-yə qarşı “passiv iştirak, aktiv məsafə” strategiyasını seçib. O, sammitlərə qatılmır, lakin təşkilatın qərarlarını da bloklamır. Rəsmi İrəvan öz mövqeyini “biz üzvük, amma hazırda iştirak etmirik” formulu ilə izah edir.

Qırğızıstan səfərindən sonra keçirilən mətbuat konfransında Vladimir Putinin səsləndirdiyi fikirlər isə Moskvanın Ermənistanı hələ də KTMT çərçivəsində təsir dairəsində saxladığını nümayiş etdirir. Putin açıq şəkildə bildirdi ki, Ermənistan özünü KTMT üzvü hesab edir, iclaslarda iştirak etmir, amma təşkilatı tərk etdiyini bəyan etməyib. Digər tərəfdən Rusiya KTMT-yə sədrliyi dövründə qəbul ediləcək qərarları Ermənistanla razılaşdıracaq. Bu açıqlamalar Kremlin iki əsas məqsədini açıq göstərir. Birincisi, Rusiya Ermənistanın təşkilatdan çıxmasını istəmir. Çünki bu, Moskvanın Cənubi Qafqazdakı geosiyasi çəkisini azaldar. İkincisi, Putin Paşinyana mesaj verir ki, o, sammitə gəlməsə belə təşkilat hələ də Ermənistanı KTMT üzvü hesab edir. Burada məqsəd həm İrəvana, həm də Qərbə “Ermənistan hələ tam qopmayıb” mesajını  çatdırmaqdır. Halbuki Ermənistan son illərdə Qərblə, xüsusilə Avropa İttifaqı, Fransa və ABŞ-la hərbi-siyasi əməkdaşlığı genişləndirmək istiqamətində ardıcıl addımlar atır. Belə ki, Ermənistanla Fransa arasında genişmiqyaslı silah müqavilələri imzalanıb, ABŞ-la təhlükəsizlik dialoqu yaradılıb, Avropa İttifaqının mülki missiyası Ermənistan sərhədlərində yerləşdirilib, Rusiya hərbi bazasının fəaliyyətinə dair narazılıqlar artıb. Bu proseslər fonunda KTMT-də passivlik Ermənistanın Qərblə yaxınlaşması üçün zaman qazanması strategiyasına oxşayır. Çünki Ermənistan KTMT-dən uzaqlaşma prosesini Azərbaycanla sülh danışıqları fonunda idarə edir. Paşinyan bilir ki, sülh sazişi imzalandıqdan sonra Ermənistanın Rusiya asılılığı kəskin azalacaq, Azərbaycanla münasibətlərin normallaşması KTMT-yə ehtiyacı daha da zəiflədəcək. Göründüyü kimi, regionda yeni balans artıq Qərb-Ermənistan-Azərbaycan xəttinə dayanır, Rusiya isə bu prosesdə əvvəlki qədər dominant deyil. Bu səbəbdən Ermənistan KTMT-ni rəsmən tərk etmək üçün ən məqbul vaxtın sülh sazişindən sonra olacağını bilir.

MTM Analitik Qrup