CEYHUN BAYRAMOV ƏLCƏZAİRDƏ İKİTƏRƏFLİ VƏ REGİONAL ƏMƏKDAŞLIQ MÖVZULARINI MÜZAKİRƏ EDİB

4 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Xalq Milli Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Əlcəzair arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, parlamentlərarası əlaqələr çərçivəsində prioritetlər, eləcə də regional məsələlər müzakirə olunub.

Dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğu, bu çərçivədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Xalq Milli Assambleyasının sədri İbrahim Buğali 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, Milli Məclisin Sədri Sahibə Qafarovanın Əlcəzairə səfəri çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimizin siyasi, iqtisadi, humanitar, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurlu əməkdaşlığın vacibliyi qeyd edilib.

Görüşdə parlamentlərimiz arasında əlaqələrin, dostluq qruplarının fəaliyyətinin, bu çərçivədə qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil etdiyi vurğulanıb. Parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq etdiyi və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov görüş zamanı bölgəmizdə post-münaqişə dövründə vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.