
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında baş vermiş müharibəyə toxunması həm siyasi, həm də diplomatik baxımdan diqqət çəkir. Onun bu bəyanatı təkcə keçmiş münaqişəyə istinad deyil, həm də ABŞ-ın regional siyasətdə öz rolunu vurğulamağa hesablanıb. “Biz bu münaqişəni aradan qaldıra bildik” ifadəsi də məhz bundan qaynaqlanır. Belə ki, Tramp öz prezidentliyi dövründə uzun illər davam edən münaqişələrə son qoymaq bacarağı ilə öyünür və bunu haqlı olaraq şəxsi siyasi karyerasının mühüm hadisələri adlandırır.
Xatırladaq ki, Tramp administrasiyası dövründə 2020-ci ilin Qarabağ müharibəsi zamanı Vaşinqtonun aktiv diplomatik cəhdləri olmuş, ABŞ dövlət katibi Mayk Pompeo hər iki tərəfin xarici işlər nazirlərini görüşə çağırmışdı. Baxmayaraq ki, müharibənin dayandırılmasında əsas vasitəçi Rusiya idi, Tramp həmin dövrdə dəfələrlə bəyan etmişdi ki, ABŞ regionda sülhün bərqərar olması üçün öz payını verib. İndi isə Tramp Putinin adını təsadüfən çəkməyib. “Putin mənə zəng edərək təəccübləndiyini dedi” ifadəsi ilə Tramp bir növ Vaşinqtonun sülh prosesində Moskvanı qabaqladığını vurğulamaq istəyir. Bu bəyanat həm də ABŞ-Rusiya münasibətlərində psixoloji üstünlük nümayişi kimi qəbul oluna bilər. Trampın ritorikasında Putinlə danışıqlarda onun təəccübləndiyini vurğulaması sülhə münasibətdə liderlər arasındakı fərqi də göstərmək məqsədinə xidmət edir. Eyni zamanda bu bəyanat ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərindəki rolunu gündəmə gətirir. Belə ki, əvvəllər Vaşinqton Avropa İttifaqı ilə birgə Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyirdi. Lakin Tramp administrasiyası fərqli bir xətt yürütməyə, daha çox şəxsi diplomatiya üzərindən aparılan balans siyasəti ilə tanınmağa başladı. Artıq Amerika da Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbə və sonrakı sülh prosesinin regional status-kvonu köklü şəkildə dəyişdiyinin fərqindədir.
Trampın son bəyanatı Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir. Belə ki, Qarabağ məsələsi artıq ABŞ tərəfindən “tam həll olunmuş” kimi qəbul edilir. Bu, Vaşinqtonun bölgədə yeni separatizm və revanşizm meyillərini artıq legitim saymadığı mənasına gəlir. Digər tərəfdən ABŞ-Azərbaycan münasibətlərinin gələcək formatı da diqqət çəkir. Tramp dövründə enerji əməkdaşlığı və təhlükəsizlik sahəsində münasibətlər strateji xarakter alıb və bu ritorikanın yenidən səsləndirilməsi Bakıya yönələn siyasi jest kimi də qiymətləndirilə bilər. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, sülh diplomatiyasında liderlik yarışı başlayıb. ABŞ, Avropa İttifaqı və Rusiya arasında vasitəçilik rəqabəti yenidən qızışır. Trampın çıxışı isə bu yarışda “biz də varıq” mesajıdır.
Trampın “tarixi hadisə” ifadəsi şübhəsiz ki, İrəvanda bəzi dairələri narahat edir. Bu da ondan qaynaqlanır ki, Ermənistan cəmiyyətində 2020-ci ilin müharibəsi “məğlubiyyət və sarsıntı” kimi qəbul olunur. ABŞ prezidentinin bu hadisəni “sülhün qələbəsi” kimi təqdim etməsi Rusiyanın da xoşuna gəlmir. Moskva uzun illər davam edən qanlı münaqişənin bir neçə saatın içində sülhlə başa çatdırılmasından narahatdır və prosesdən kənarda qalmaq onu xoşuna gəlmir. Lakin Kremlin nə düşünməyindən asılı olmayaraq artıq ABŞ Qafqazda əsas oyunçulardan birinə çevrilir və Trampın son bəyanatı Cənubi Qafqazda gedən diplomatik mübarizənin yeni mərhələsini işarə edir. Reallıq budur ki, ABŞ bu bölgəni bütövlükdə nə Rusiyanın, nə də Avropanın maraq dairəsinə daxil etmək fikrində deyil. Çünki Qarabağ sülhü təkcə bir regionun taleyi yox, həm də böyük güclərin diplomatik nüfuz savaşıdır.
MTM Analitik Qrup
