AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLK MARKALARI BEYNƏLXALQ SİSTEMDƏ QEYDİYYATDAN KEÇİRİLİB

AXC-nin buraxdığı ilk markalar beynəlxalq marka nömrələmə sistemində qeydiyyatdan keçirilib (FOTO)

2021-ci ildən başlayaraq ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır.

“Azərpoçt” MMC-dən bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk poçt markaları WNS vasitəsilə rəsmi qeydiyyatdan keçib. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da birbaşa xidmət edir.

Qeyd edək ki, 1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirlik tərəfindən buraxılıb.

10 növdə buraxılmış markaların rəssamı Zeynal Əlizadə olub. O, hərəsindən bir neçə fərqli rəngdə olmaqla bütün markaları əsasən 4 təsvir üzərində işləyib. Bu markaların əsas mövzusunu Azərbaycan cəmiyyətinin iki daşıyıcı insan obrazı, eləcə də tarixi-memarlıq abidələri təşkil edir: Belə ki, sözügedən markalarda əlində Azərbaycan Bayrağı və tüfəng tutan əsgər, əlində oraq tutaraq tarlada məhsul yığan kəndli, özündə Şirvanşahlar sarayı, Cümə məscidi, Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakı şəhərinin panoramı və Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Atəşgah məbədi əks olunub.