AZƏRBAYCANIN REGİONDA SÜLH VƏ ƏMƏKDAŞLIQ SİYASƏTİ ERMƏNİSTAN ÜÇÜN DƏ YENİ İMKANLAR PƏNCƏRƏSİ AÇIR

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq ölkəmizin Ermənistanla münasibətlərində də yeni bir mərhələnin açılması ilə müşayiət edilir. Bu mərhələnin əsas təşəbbüskarı qismində yenə Azərbaycan çıxış edir, hadisələrin inkişaf axarını regionun lider dövləti kimi ölkəmiz müəyyənləşdirir. Artıq Ermənistan özü də bununla barışıb, çünki Azərbaycanın yanaşması sülhə, sabitliyə, əməkdaşlığa əsaslanır. Eyni zamanda Ermənistan görür ki, Azərbaycanla əməkdaşlıq bu ölkəyə çoxsaylı dividendlər vəd edir, qarşısında yeni inkişaf perspektivləri açır, illərdir uzaq qaldığı regional layihələrdə iştirakına imkan yaradır, əlverişli marşrutlarla dünya bazarların çıxışı, idxal-ixracı üçün yeni fürsətlər formalaşdırır.

Artıq bəllidir ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Xatırlatmaq lazım gəlir ki, Prezident İlham Əliyev cari ilin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bununla bağlı aşağıdakıları bildirib: “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Bu hal Ermənistanda böyük məmnuniyyətlə qarşılanıb, ölkə ən yüksək səviyyədə Azərbaycanın addımını alqışlayıb və alqışlamaqda da davam edir.

Sözügedən ölkənin Baş naziri Nikol Paşinyan V Tiflis İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin məlum bəyanatına toxunaraq bu qərarın ölkəsi üçün çox müsbət xarakterə malik olduğuna diqqət çəkib, regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Nikol Paşinyan onu da qeyd edib ki, bir neçə ay bundan əvvəl Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınmasını təsəvvür etmək mümkün deyildi. İndi isə tamam fərqli mənzərədir: “Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək”.

Məhz belə bir vaxtda o da məlum olub ki, Azərbaycan ərazisindən Rusiya məhsullarının da Ermənistana daxil olmasına icazə verib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyıb. Məhz bu kontekstdə indi “Rusiya Dəmir Yolları” şirkəti və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər: “Yəni bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. “Rusiya Dəmir Yolları” hazırda regional həmkarları ilə birlikdə bu daşımaların necə təşkil olunacağını müəyyən etmək üçün çalışır. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”.

Rusiyadan Ermənistana ixracat əsas etibarı ilə Gürcüstan üzərindən həyata keçrilir. Lakin təbii şəraitdən asılı olaraq bəzi hallarda idxal-ixrac əməliyyatlarında ciddi problemlər yaranır, ləngimələr baş verir. Bu, əsasən Gürcüstanda yerləşən Yuxarı Lars keçid məntəqəsində özünü büruzə verir. O da xüsusi vurğulanmalıdır ki, Rusiyanın Ermənistana ixracı sonuncunun iqtisadiyyatının ehtiyaclarını böyük ölçüdə ödəyir və müxtəlif sektorlardan məhsullar da daxil olmaqla geniş çeşiddə malları əhatə edir. Ermənistan kənd təsərrüfatı, o cümlədən taxıl və paxlalı bitkilər, ət və ət məhsulları, süd məmulatları, tərəvəz və meyvələr, şəkər, qənnadı məmulatları, spirtli və spirtsiz içkiləri böyük miqdarda Rusiyadan idxal edir. Enerji sahəsində də Rusiyadan böyük asılılıq var. Neft və neft məhsulları, təbii qaz, kömür və digər yanacaq növləri əsasən Rusiyadan alınır. Avtomobillər, onlatın və ehtiyat hissələri, kənd təsərrüfatı maşınları, sənaye və elektrik avadanlıqları, müxtəlif  dəzgahlar Rusiyanın ermənistana ixracında mühüm yer tutur.  Kimya sənayesində Rusiya Ermənistanın əsas təchizatçılarından biridir. Ermənistan bu ölkədən gübrələr, sintetik materiallar və qətranlar, boyalar və laklar, kimyəvi reagentlər və məişət kimyəvi maddələri alır. Metallurgiya və tikinti sektoru üzrə Rusiyadan  Ermənistana qara və əlvan metallar, yayma metal məhsulları, metal konstruksiyalar, yarımfabrikatlar, geniş çeşiddə tikinti materialları ixrac edilir. Yüngül sənaye sahəsində Rusiya Ermənistana tekstil, geyim və ayaqqabı, trikotaj, dəri və digər məhsullar göndərir. Ermənistan Rusiyadan  dərmanlar, tibbi cihazlar və alətlər də alır.

İndi bütün bu məhsullar Azərbaycan üzərindən daha rahat və sərfəli şəkildə Rusiyadan Ermənistana daşına biləcək. Bir daha qeyd edilməlidir ki, Ermənistan iqtisadiyyatının uzun illərdir ən böyük problemi məhz təcrid vəziyyəti olub.  Ölkənin Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, nəqliyyat xətlərinin məhdudluğu onun inkişafını əngəlləyib. Azərbaycan üzərindən tranzit marşrutlarının açılması Ermənistan üçün yeni üstünlüklər təmin edir. İlk növbədə bu, müxtəlif  bazarlara çıxış imkanı yaradır.

Elə bu fonda Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistikası olan ümumi əmtəə bazarının formalaşdırılması üzrə işləri aktivləşdirirlər: “Qarşıda maneəsiz logistika, harmonizasiya edilmiş qayda və standartlarla ümumi əmtəə bazarının formalaşdırılmasına yönələn çox maraqlı işimiz var. Rusiya və Azərbaycan, Rusiya və İran, İran və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Bu da regionda nəqliyyat əlaqəliliyinin inkişafı, eləcə də Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistikanın təmin edilməsi üzrə koordinasiya olunmuş fəaliyyətlərin aktivləşdirilməsini şərtləndirir”. Bu günlərdə isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdikləri nümayəndə heyətləri Astara şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriblər. Daha sonra İranın Astara şəhərində yerləşən və Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikinti işlərinin gedişi ilə tanışlıq olub. Terminalın hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Nümayəndə heyətləri həmçinin İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinə baxış keçiriblər. Perspektivdə bütün bu marşrutlardan Ermənistanın da istifadə etməsi mümkündür. Hər halda Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini ləğv etməsi də bu ehtimalın reallığa çevrilməkdə olduğunu göstərir.

Nikol Paşinyan bu kontekstdə etiraf edir ki, Azərbaycan hakimiyyətinin ölkə ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı sayəsində İrəvan iqtisadi blokadadan çıxacaq. Bu da ölkədə iqtisadi strukturda dəyişikliklərə səbəb olacaq: “Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaqla bağlı qərarı sayəsində Ermənistanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hər cür şans var. Tezliklə iqtisadiyyatımızın strukturunda əsaslı dəyişikliklər baş verəcək”.

Perspektivdə Zəngəzur dəhlizinin açılması isə Ermənistana da mühüm üstünlüklər qazandıracaq. Bu marşrut vasitəsilə təkcə Azərbaycan deyil, həm də Ermənistan üçün tranzit imkanları yaranacaq.  Hazırda Ermənsitanın qarşısında duran əsas məqam odur ki, Azərbaycan üzərindən yüklərin qəbulu üçün ərazisində müvafiq infrastrukturun formalaşması prosesini tezləşdirsin. Bura Zəngəzur dəhlizi də daxildir.

Beləliklə, Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması real və iqtisadi cəhətdən səmərəli bir təşəbbüsdür. Bütün bunlar həm də Azərbaycanın regionda sülh və əməkdaşlıq siyasətinin artıq öz bəhrəsini verdiyini göstərir.

MTM Analitik Qrup