
Oktyabrın 27-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ayın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 millimetrədək qeydə alınıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 metrədək güclənib.
Oktyabrın 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
