
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 22 oktyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasından 6 nəfər (2 qadın və 4 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.