AZƏRBAYCAN QƏZZANIN BƏRPASINA, BURADA SÜLH VƏ SABİTLİYİN TƏMİN EDİLMƏSİNƏ TÖHFƏ VERƏCƏK ƏSAS ÖLKƏLƏR SIRASINDADIR

365 kvadrat kilometr ərazini əhatə edən Qəzzada cərəyan edən hadisələr bu gün də dünya miqyasında xüsusi diqqət mərkəzində yer alır. Son günlərdə burada dağıdıcı savaş səngisə də, ərazidə dağıntılar olduqca böyükdür. Aralıq dənizi sahilində yerləşən və İsraillə iki ildir davam edən silahlı qarşıdurma nəticəsində  Qəzza zolağında evlərin 90 faizindən çoxunu dağıldığı, su və elektrik sistemlərinin işləmədiyi, antisanitar şəraitdə yaşayan insanların praktiki olaraq heç bir səhiyyə xidməti görmədiyi də sirr deyil. Fələstinin anklavı olan Qəzzanın iki milyon sakininin 1,9 milyonu məcburi köçkündür.

ABŞ Prezidenti Donald Trampın Qəzza üçün sülh planı tam icra olunsa, qarşıya çıxan digər böyük problem bu ərazinin bərpası məsələsi olacaq. Ərazi kiçik olsa da, onun bərpası üçün on milyardlarla ABŞ dolları tələb edilir. 2025-ci il mart ayında baş tutan ərəb ölkələrinin sammitində təklif edilən Misir planına görə, Fələstin anklavının bərpası üçün 53 milyard ABŞ dolları lazımdır. Donald Trampın 2025-ci il avqustun sonunda mediada yayılan və anklav ərazisində yeni Rivieranın yaradılmasını nəzərdə tutan “Böyük Etimad” planına əsasən, tələb olunan investisiya 100 milyard ABŞ dollardır. BMT-nin son məlumatlarına görə, Qəzzanı yenidən yaşana biləcək əraziyə  çevirmək üçün 70 milyard ABŞ dolları lazımdır. Ancaq heç şübhə yoxdur ki, bu rəqəmlər dəyişməkdə davam edəcək.

Qəzzanın bərpası üçün vəsaitin tapılması ilə yanaşı, daha bir mühüm məsələ ərazidə təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün  anklavda sülhməramlı qüvvələrin yerləşdirilməsi son günlərdə fəal müzakirə mövzularından biridir. Bu məsələ meydana çıxdıqdan sonra əraziyə sülhməramlı qüvvələr yerləşdirə biləcək ölkələr sırasında Azərbaycanın da adı davamlı şəkildə hallanır. Məsələ xüsusən Qərb mediasında müxtəlif mənbələrə istinadən tirajlanır. Məsələn, “Politico” qəzeti bu günlərdə Azərbaycanın İndoneziya və Pakistanla birgə Qəzzadakı stabilləşdirici qüvvəyə əsas iddiaçı olduğunu yazıb. Daha sonra analoji məlumat  “Guardian” qəzetində də yer alıb. Hətta qəzet Qəzzadakı sülhməramlı qüvvəyə BMT vasitəsilə xüsusi səlahiyyətlərin veriləcəyini, ona Misirin rəhbərlik edəcəyini də diqqətə çatdırıb. Qeyd olunub ki, bu qüvvələrin tərkibində Azərbaycan, Türkiyə və İndoneziya da təmsil olunacaq. 

ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin (CENTCOM) admiralı Bred Kuperin Azərbaycana səfəri, onun ən yüksək səviyyədə qəbul olunması ölkəmizin Qəzzaya sülhməramlı qüvvələr göndərəcəyi ilə bağlı iddiaların bir qədər də güclənməsinə təkan verib. Düzdür, rəsmi açıqlamalarda Prezident İlham Əliyevin Bred Kuperlə görüşündə ölkəmiz tərəfindən Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı hər hansı  məlumat yoxdur. Lakin diqqət ona yönəldilir ki,    CENTCOM-un məsuliyyət zonası Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiyanı əhatə edir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi isə ABŞ-nin Avropa Komandalığının məsuliyyət zonasıdır. Bununla belə Azərbaycan CENTCOM-un məsuliyyət zonasında olmasa da, ölkəmzin bu qurumla işləmək təcrübəsi var. Belə ki, həm Əfqanıstan müharibəsi, həm də 2003-2011-ci illəri əhatə edən İraq müharibəsi CENTCOM-un məsuliyyət zonasında olub. Azərbaycan hər iki ölkədə özünün sülhməramlıları ilə təmsil olunub. Bundan başqa, Azərbaycan oktyabrın 13-də Misirdə ABŞ-ın rəhbərliyi ilə keçirilən Qəzza sammitində iştirak edib.

Bütün bunlar fonunda belə hesab edilir ki, Azərbaycan həm Qəzzanın bərpasında iştirak edə, həm də burada sülhməramlı qüvvələri vasitəsilə təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfələrini verə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan həm İsraillə, həm də Fələstinlə yüksəksəviyyəli münasibətlərə malikdir. Ölkəmzin tərəflər arasındakı konfliktin “ikidövlətli həll” planını dəstəkləyir. İndiki halda əraziyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi burada həll prosesinin daha da sürətlənməsinə, ən əsası isə sabitliyə böyük töhfə verə bilər.

O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə və sülhün bərpasına mühüm töhfələr verən dövlətlərdən biridir. Ölkə 1999-cu ildən etibarən müxtəlif beynəlxalq missiyalarda — Kosovoda, Əfqanıstanda, İraqda və Cənubi Sudanda sülhməramlı qüvvələr vasitəsilə fəaliyyət göstərib. Xüsusilə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında Azərbaycan hərbçilərinin fədakar xidməti beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Bu təcrübə göstərir ki, Azərbaycan ordusu həm nizam-intizam, həm də peşəkarlıq baxımından beynəlxalq sülhməramlı standartlara tam cavab verir. Bununla yanaşı, Azərbaycan müstəqil xarici siyasət kursu yürüdən, regionda balanslı münasibətləri qoruyan bir dövlətdir. Bakı həm İslam dünyasının, həm də Qərbin etimadını qazanmış nadir ölkələrdəndir. Məhz bu fakt, Azərbaycanın Qəzzada mümkün sülhməramlı rolu barədə fikirləri reallığa daha da yaxınlaşdırır.

Azərbaycanın Qəzzaya sülhməramlı göndərməsi həm də mənəvi və humanitar baxımdan mühüm addım kimi qəbul ediləcəyi də birmənalı həqiqətdir. Azərbaycan xalqı tarixən İslam həmrəyliyinə sadiq olub, beynəlxalq humanitar təşəbbüslərdə aktiv iştirak edib. Heydər Əliyev Fondu tərəfindən Qəzzada və digər müsəlman ölkələrində həyata keçirilən yardım layihələri bunun sübutudur. Sülhməramlı missiya bu fəaliyyətlərin davamı kimi həm Azərbaycanın imicini gücləndirər, həm də bölgədə humanist siyasətin təcəssümü kimi çıxış edərdi.

Hazırda real vəziyyətin təhlili göstərir ki, Azərbaycanın Qəzzaya mümkün sülhməramlı qüvvələr yerləşdirilməsi beynəlxalq miqyasda formalaşan bir tələbdir. Bu, ölkəmizin yalnız regional deyil, qlobal səviyyədə də sülhün və təhlükəsizliyin təminatına töhfə verən tərəfdaş kimi qəbul  olunmasının daha bir təzahürüdür.  

MTM Analitik Qrup