AZƏRBAYCAN VƏ QAZAXISTAN MÜNASİBƏTLƏRİNİN DİNAMİK İNKİŞAF TÜRK DÜNYASININ MÖVQEYİNİ QLOBAL MİQYASDA DAHA DA GÜCLƏNDİRİR

Azərbaycan və Qazaxıstan münasibətlərinin sürətli inkişaf dinamikası və onun nəticələri bu gün təkcə iki ölkə yox, bütünlükdə türk dünyası üçün müstəsna əhəmiyyətə malikdir. Məhz bu kontekstdə ölkələrimiz arasında əlaqələrin dərinləşməsi türk xalqlarının qlobal arenada birgə mövqelərinin güclənməsinə, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə mühüm töhfələr verir. Sözügedən kontekstdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı təsirsiz ötüşmür. Eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da böyük önəmə malikdir. Bu xüsusda  Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.

Dövlət başçısı xatırladıb ki, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib: “Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının  möhkəmlənməsinə, türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir”. Bununla yanaşı, Prezident İlham Əliyev xatırladıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir: “Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır”.

Burada onu da xatırlatmaq lazım gəlir ki, eyni etnik, dil, din və mədəniyyət ailəsinə mənsub olan Azərbaycan və Qazaxıstan xalqları arasında mənəvi bağlar sayəsində ölkələrimiz bir-birinə sadəcə tərəfdaş kimi deyil, qardaş dövlətlər kimi yanaşır. Hər iki ölkənin liderləri – Prezident İlham Əliyev və həmkarı Kasım-Jomart Tokayev türk dünyasının birliyi ideyasını öz xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən ediblər. Bütün bunlar fonunda Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri və onun nəticələri hər iki ölkə ilə yanaşı, ümumən türk dünyası üçün olduqca önəmlidir.

Ölkələrimiz müstəqilliklərini yenidən bərpa etdikdən sonra 1990-cı illərdən indiyə kimi qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edən təqribən 170 sənəd işləyib imzalayıblar. Nəticə etibarı ilə siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri formalaşıb.  Sözügedən sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusilə diqqət cəlb edir. Bütün bunlar Azərbaycan və Qazaxıstan arasında münasibətlərin qardaşlıq, strateji tərəfdaşlıq ruhunda inkişafının konkret təzahürləridir.  Bununla yanaşı, TDT və digər təşkilatlar çərçivəsində imzalanan çoxsaylı sazişlər də qarşılıqlı əlaqələrin dərinləşməsində özünəməxsus rol oyanayır.

Heç şübhəsiz ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığının ən mühüm istiqamətlərindən biri Orta Dəhlizlə bağlıdır. Bu dəhliz Asiya ilə Avropanı birləşdirən əsas ticarət arteriyası olmaqla, türk dünyasının iqtisadi inteqrasiyasını praktik səviyyəyə daşıyır. Qazaxıstanın Aktau və Kurık limanları ilə Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında konteyner daşımalarının artması türk dünyasının vahid iqtisadi məkanının formalaşmasına təkan verir. Bu dəhliz vasitəsilə Çin, Qırğızıstan və Özbəkistan kimi türk dövlətlərinin məhsulları Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılır. Nəticədə Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı artır, regionun qlobal ticarət sistemində çəkisi yüksəlir.

Azərbaycan və Qazaxıstan enerji sektorunda əməkdaşlığı genişləndirərək türk dünyasının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşınması Xəzər dənizini türk dövlətləri arasında enerji körpüsünə çevirib. Bununla yanaşı, hər iki ölkə “yaşıl enerji” layihələrinə xüsusi diqqət yetirir. Nəzərə alınmalıdır ki, Xəzər dənizinin dibi ilə çəkilən xətt yaxın tezlikdə Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiyanın bərpa edilən mənbələrdən alınan elektrik enerjisinin ölkəmiz üzərindən dünya bazarlarına nəqlinə imkan verəcək.

Azərbaycan və Qazaxıstan türk dünyasının rəqəmsal inteqrasiyası sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. “Rəqəmsal İpək Yolu”  kimi layihələr çərçivəsində iki ölkə arasında münasibətlər daha  da dərinləşir. Bununla yanaşı, süni intellekt, kibertəhlükəsizlik və startap ekosistemi sahəsində birgə əməkdaşlığa xüsusi önəm verilir. Təbii ki, bütün bunlar türk dünyasının strateji gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələr sadəcə, ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə türk inteqrasiyasının siyasi, iqtisadi, elmi, mədəni və digər istiqamətlər üzrə dayaqlarını gücləndirən bir mexanizmdir. Nəticədə türk dünyasının qlobal siyasətdə mövqeyi daha da güclənir,  Azərbaycan və Qazaxıstan münasibətləri burada hərəkətverici qüvvə kimi çıxış edir.

MTM Analitik Qrup