
Fransa və Azərbaycan prezidentləri arasında Avropa Siyasi Birliyinin zirvə torplantısı çərçivəsində oktyabrın 2-də keçirilən görüş, aparılan müzakirələr İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında özünü qabarıq göstərən ziddiyyət və gərginliyə son qoyaraq, qarşılıqlı etimadın bərpası istiqamətində həlledici addımlar olub.
İkinci Qarabağ müharivəsindən sonrakı beş ildə Fransa regionda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməsə də, son aylarda, xüsusən də 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra bu ölkənin alternativ variantları qalmayıb. Bir qayda olaraq ermənipərəst mövqe turan Fransa son zamanlar Azərbaycanın maraq və mənafelərini nəzərə almadan, müəyyən balans saxlamadan Cənubi Qafqazdakı proseslərə nüfuz etmək imkanlarını tamamilə itirə biləcəyinin fərqindədir.
Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən, Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşününün nəticəsi olaraq, ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını vurğulayıb. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Öz növbəsində yeni səfir Sofi Laqut ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğuğunu, əlaqələrin bərpası və inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksək texnologiyalar və aerokosmik sahələrdə əməkdaşlığın bərpası, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin planlaşdırılması ilə bağlı aparılan müzakirələr də Fransa-Azərbaycan münasibətlərində soyuqluq mərhələsinin geridə qaldığını deməyə əsas verir.
İkinci Qarabağ münaqişəsinin başlanmasına qədər iki ölkə arasında münasibətlər ümumən normal məcrada davam edib və qarşılıqlı maraqlara əsaslanıb. Qərb ölkələri ilə münasibətlərinin inkişafını diqqətdə saxlayan Azərbaycan üçün “Böyük səkkizlik” ölkəsi olan Fransa ilə strateji tərəfdaşlığa xüsusi əhəmiyyət verib. Xatırlatmaq yerinə düşər ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan Avropa ölkələrindın biri olmaqla, Türkiyədən sonra Bakıda səfirliyini açan ikinci ölkə olub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin dekabrında, Prezident İlham Əliyev isə 2004-cü ilin yanvar ayında məhz Fransaya ilk səfərlərini etməklə, bu ölkənin Avropadakı roluna dəyər verdiklərini nümayiş etdiriblər.
Ölkələrimiz arasında diplomatik-siyasi əlaqələrin dinamik inkişafı enerji, iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əməkdaşlığa da mühüm təkan olub. 1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkətinin “Şahdəniz” layihəsinə qoşulması, ardınca “Total”ın Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərində 5 faizlik payla təmsil olunması iki ölkə arasında enerji əməkdaşlığını strateji səviyyəyə yüksəldib.
2014-cü ildə Fransanın sabiq dövlət başçısı Fransua Ollandın Azərbaycana səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ikitərəfli münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Səfər zamanı kənd təsərrüfatı, nəqliyyat, energetika, elm və təhsil sahələrində 7 mühüm sənədin imzalanması bu münasibətlərin praktik yönümlü olmasını təmin edib. Həyata keçirilən layihələr – Bakıda Fransız liseyinin və Azərbaycan-Fransız Universitetinin açılması, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli əlaqələrin humanitar sütununu gücləndirib. İkitərəfli münasibətlərin bərpasını zəruri edən ilk mühüm amillərdən biri geosiyasi maraqlardır.
Fransa hazırda Azərbaycanı Cənubi Qafqazın lokomotivi və ən perspektivli ölkəsi sayır, Avropanın enerji təhlükəsizliyindəki roluna yüksək önəm verir, ölkəmizlə siyasi və iqtisadi əlaqələrini bərpa etməyə çalışır. Eyni zamanda, ölkəmizin Avropa ilə Asiya arasında strateji körpü rolunu oynaması, mühüm nəqliyyat dəhlizlərini formalaşdırması rəsmi Parisin diqqət mərkəzindədir. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda Fransa Azərbaycanın Avropa üçün əhəmiyyətinin artmasının fərqindədir. Fransa ölkəmizin Avropaya yaşıl enerjinin ixracı sahəsində reallaşdırdığı transmilli layihələrə də ciddi maraq göstərir. Onu da demək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizdən Fransaya 83,4 milyon ABŞ dolları dəyərində xam neft və xam neft məhsulları ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,4 milyon ABŞ dolları və ya 46,2 faiz və 1,8 dəfə çoxdur. Qeyd edilən dövr ərzində Fransa bu göstərici ilə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.
Münasibətlərin bərpasını şərtləndirən növbəti amil iqtisadi və ticarət əlaqələrinin perspektivləridir. Azərbaycanın siyasi-iqtisadi sabitliyi, sərmayə mühiti və beynəlxalq layihələrdə fəal iştirakı Fransa şirkətləri üçün geniş imkanlar açır. Xüsusilə nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm, şəhərsalma layihələri üzrə əməkdaşlıq fransız şirkətləri üçün cəlbedicidir.
Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal diplomatiyada təsir gücünə malikdir. Rəsmi Paris, həmçinin Avropa İttifaqı çərçivəsində Azərbaycanla əlaqələrin əsas istiqamətlərinin müəyyənləşdirilməsində aparıcı rola malik ölkədir. Bu mənada, Fransa ilə münasibətlərin normallaşması ölkəmizin Avropa İtitfaqı ilə münasibətlərində də yeni mərhələ açacaq.
Qısası, rəsmi Parisin gec də olsa, Azərbaycanın milli maraqlarına, suverenliyinə, ərazi bütövlüyünə və sülh gündəliyinə hörmət göstərmək məcburiyyətində qalması ikitərəfli əlaqələrin yeni mərhələdə dinamik inkişafına, praqmatik əsasda qurulmasına imkan yaradır.
MTM Analitik Qrup