SABAH BAKIDA HAVA ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏK, RAYONLARDA YAĞIŞ YAĞACAQ

Azərbaycan ərazisində oktyabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.