İTALİYA QƏZETİ AZƏRBAYCANIN VATİKANDA MÜHÜM TARİXİ ƏHƏMİYYƏT DAŞIYAN ABİDƏLƏRİ BƏRPA ETMƏSİNDƏN YAZIR

İtaliya qəzeti Azərbaycanın Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan abidələri bərpa etməsindən yazır

İtaliyanın nüfuzlu və geniş oxucu kütləsinə malik “il Messaggero” qəzetində “Gizli Roma, Azərbaycanın xeyriyyəçilik fəaliyyəti sayəsində Komodilya katakombalarının freskaları yenidən canlandırılır” sərlövhəli məqalə dərc olunub.

Jurnalist Franka Ciansoldatinin müəllifi olduğu məqalədə Roma katakombalarının daha bir mühüm nümunəsinin Vatikanla uzunmüddətli əməkdaşlıq sayəsində keçmişdə digər əsas bərpa işlərini səxavətlə maliyyələşdirən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik dəstəyi sayəsində xilas edildiyi və yenidən üzə çıxarıldığı diqqətə çatdırılır.

Bildirilir ki, paytaxt Romanın Ostiya rayonunun Villa Serafini parkında yerləşən Müqəddəs Komodilya katakombalarında qorunan ən mühüm abidələrdən ikisi olan Müqəddəs Feliks və Adauktusun yeraltı bazilikasındakı freskalarında və Leo kubikindəki freskalarda bərpa işləri aparılıb. Katakombalar Komodilyanın şərəfinə adlandırılıb və burada Feliks və Adauktusun qəbirləri var.

Qeyd olunur ki, konservasiya işləri tezliklə ictimaiyyətə açılacaq Komodilya katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün “yaşıl” məhsulların istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Məlumat verilir ki, katakombada xalq dilində yazılmış tarixi qeyri-müəyyən olan (6-7-ci əsr və 9-cu əsrin ortaları arasında) bir yazı var. “Gizli sözləri ucadan tələffüz etməyin” yazısı Feliks və Adauktusun məbədində yerləşir. Yazı çox güman ki, mərasimi idarə edənə gizli dualar olan və yunan-latın düsturuna görə sirr deyilən məclis dualarını ucadan oxumamağı xatırladır. Liturgiyaya görə, bu dualar insanlara deyil, yalnız Allaha ünvanlanan müqəddəs sözlər kimi asta səslə söylənməlidir.

Xatırladaq ki, 2021-ci ilin martında Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Komodilya katakombalarının bərpasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.