
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə görüşündə TDT+ formatının yaradılması barədə qərarın qəbul edilməsi təşkilatın gələcək istiqamətləri, institusional imkanları və geosiyasi çəkisi baxımından yeni mərhələnin başlanğıcını ehtiva edir. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan üzv, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusunda olsalar da onların hamısı regional əməkdaşlığın ən sıx şəbəkəsini formalaşdıran türk dövlətləridir. TDT+ formatının təsis edilməsi bu inteqrasiyanın daha geniş, çoxşaxəli və məqsədyönlü mərhələyə qədəm qoyduğunu göstərir.
“+” ifadəsi adətən beynəlxalq diplomatiyada genişlənmiş əməkdaşlıq, yeni tərəfdaşlıqlar və dərinləşdirilmiş inteqrasiya mənasını verir. Bu baxımdan, TDT+ formatı həm üzv ölkələr arasında əlaqələrin yeni sahələrdə inkişafını, həm də təşkilata qonşu və tərəfdaş dövlətlərin müxtəlif səviyyələrdə qoşulmasını nəzərdə tuta bilər. Yeni formatın konkret strukturu hələlik açıqlanmasa da, ekspertlərin və müşahidəçilərin fikrincə, TDT+ bir sıra istiqamətləri əhatə edəcək. Əsasən türk coğrafiyasına yaxın regionların, xüsusilə Macarıstan, Şimali Kipr, Pakistan, Özbəkistanla bağlı iqtisadi bloklar və Orta Asiya ölkələri ilə strateji əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi diqqət mərkəzində olacaq. Müdafiə sənayesi, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, nəqliyyat dəhlizləri və regional ticarət kimi strateji sahələrdə birgə fəaliyyət də əsas istiqamətlərdən biridir. Bundan əlavə, TÜRKSOY-un gücləndirilməsi və ortaq mədəniyyət layihələrinin təşkilat çərçivəsində yeni mərhələyə keçirilməsi planlaşdırılan işlər arasındadır. Xarici işlər naziri Ceyhun Bayramovun mətbuat konfransında məhz bu istiqamətin də razılaşdırıldığını bildirməsi, “yumşaq güc” komponentinin ön plana çıxacağını göstərir. Bununla yanaşı, katibliklərin, regional ofislərin və ekspert şuralarının yaradılması, qərarvermə mexanizmlərinin çevikləşdirilməsi, vahid informasiya platformasının qurulması da gələcək planlara daxildir.
TDT+ formatının yaradılması təkcə təşkilati addım deyil, həm də türk dünyasının regional geosiyasi mövqeyinin gücləndirilməsi deməkdir. Beynəlxalq münasibətlərdə yeni güc mərkəzlərinin formalaşdığı, regional blokların rolunun artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının öz geosiyasi konturunu genişləndirməsi tarixi zərurət idi. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi dövlətlər həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyətə malikdirlər. TDT+ formatı bu ölkələrin ortaq strateji maraqlarını qorumaq və müdafiə etmək üçün daha dərin koordinasiya imkanları yaradır. Bu, eyni zamanda türk dünyasının Qərb və Şərq arasında yerləşən geosiyasi körpü rolunu gücləndirir.
Yeni formatın iqtisadi ölçüsü də diqqətəlayiqdir. “Orta Dəhliz” layihəsinin reallaşması, Türk İnvestisiya Fondu və Türk İnkişaf Bankının fəaliyyətə başlaması TDT+ çərçivəsində vahid iqtisadi bazarın formalaşmasına zəmin yarada bilər. Bununla yanaşı, TDT+ formatı təhlükəsizlik və müdafiə əməkdaşlığının institusional əsaslara keçidinə imkan verəcək. Çünki regionda baş verən münaqişələr, enerji marşrutlarının qorunması və informasiya təhlükəsizliyi məsələləri bu istiqamətdə koordinasiyanın zəruriliyini artırır.
Təbii ki, hər yeni format kimi, həmçinin TDT+ da müəyyən çağırışlarla üz-üzə qala bilər. Belə ki, üzvlər arasında fərqli siyasi prioritetlər və iqtisadi imkanlar yarana, hüquqi-institusional mexanizmlərin uyğunsuzluğu ortaya çıxa bilər. Yeni institutların maliyyə və idarəetmə yükünün nəzərə alınması da bu mənada vacib məsələdir. Lakin bütün bu çətinliklər təşkilatın təməl prinsiplərinə əsaslandığı təqdirdə tənzimlənə bilər. Ancaq bütün hallarda TDT+ formatının yaradılması türk inteqrasiyasının yeni fəlsəfəsini ifadə edir. Bu, artıq təkcə mədəni bir yaxınlıq və qardaşlıq deyil, ortaq məsuliyyət, regional liderlik və strateji güc modelidir.
MTM Analitik Qrup