
Yaşadığımız əsrin ən mühüm texnoloji nailiyyətlərindən biri pilotsuz uçuş aparatlarının – PUA-ların inkişafı və hərbi sahədə geniş tətbiqidir. Müasir dövrdə bu aparatların rolu, demək olar ki, bütün müharibə konsepsiyalarını dəyişib, orduların fəaliyyət prinsiplərinə yeni yanaşma gətirib. Bu, hava döyüşlərinin gedişatında da mühüm yeniliklərə gətirib çıxarıb, sözügedən kontekstdə hərbi hava üstünlüyünün təkcə döyüş təyyarələri və raketlərlə deyil, həm də yüksək dəqiqliyə malik, uzaq məsafədən idarə olunan və süni intellektlə təchiz edilmiş PUA sistemləri ilə ölçülməsini şərtləndirib.
Ümumiyyətlə, indi dünya hərb sistemində müşahidə olunan texnoloji yeniliklər, xüsusilə də PUA-ların sürətli inkişafı dövlətlərin müdafiə strategiyalarında əsas istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan da qlobal tendensiyalardan geri qalmayaraq, öz PUA sənayesinin formalaşması və inkişafı istiqamətində mühüm addımlar atıb. Yerli istehsal və xarici tərəfdaşlarla aparılan işbirliyi sayəsində ölkəmiz sözügedən istiqamətdə böyük nailiyyətlərin müəllifinə çevrilməkdədir. Bunun daha bir təsdiqi Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin PUA istehsalına başlamasıdır.
Müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir. Məhsullar hələlik daxili bazar üçün nəzərdə tutulub. Lakin perspektivdə məhsulların ixraca yönləndirilməsi də istisna olunmur. Qeyd olunmalıdır ki, “Bayraktar Teknoloji Azərbaycan”a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib. Xatırlatmaq lazım gəlir ki, “Baykar Makina” “Bayraktar” PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra da PUA-ya yüksək diqqət və marağı isə ilk növbədə praktik təcrübə və təhlükəsizlik zərurətindən irəli gəlir.
2020-ci il Vətən müharibəsi göstərdi ki, müasir döyüş əməliyyatlarında PUA-lar həm kəşfiyyat, həm də zərbə vasitəsi kimi həlledici rol oynayır. “Bayraktar TB2”, “Harop”, “Orbiter”, “SkyStriker” və digər bu kimi kimi sistemlərin uğurlu tətbiqi qısa zamanda ordunun döyüş qabiliyyətini qat-qat artırdı. Bu təcrübə Azərbaycanın müdafiə sənayesinin qarşısında yeni hədəflər qoydu – artıq PUA-ların yalnız idxalı deyil, yerli istehsalı və modernləşdirilməsi prioritetə çevrildi. Müharibədən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi bu istiqamətdə sistemli fəaliyyətə başladı. Hökumətin məqsədi yalnız hazır texnologiyanı əldə etmək deyil, həm də öz milli PUA texnologiyasını formalaşdırmaq, bu sahədə elmi-tədqiqat və mühəndis potensialını artırmaqdır. Bunun üçün son illərdə bir sıra mühüm layihələr həyata keçirilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıqlar qurulub. Elə bu fonda Azərbaycanın PUA sənayesinin inkişafında Türkiyə ilə strateji əməkdaşlıq xüsusi yer tutur. “Baykar” şirkəti ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan mütəxəssisləri həm istehsal, həm də istismar proseslərində təcrübə qazanıb. “Bayraktar TB2” aparatlarının istifadəsi, texniki xidmət və modernizasiya işlərinin bir hissəsinin Azərbaycanda həyata keçirilməsi artıq yerli texnoloji mühitin formalaşdığını göstərir.
Bununla yanaşı, iki ölkə arasında birgə istehsal və texnoloji transfer layihələri də artıq reallaşır. “Bayraktar Teknoloji Azərbaycan”ın istehsal prosesinə start verməsi bunun real nümunəsidir. Azərbaycan müdafiə istiqamətində atdığı bu addımlar heç bir əsas olmadan Ermənistanda ciddi təşviş yaradıb. Məsələn, “armenianreport“ portalı Sumqayıtda PUA istehsalına başlamasını Ermənistan üçün az qala faciə olaraq təqdim edir. Bu xüsusda portal yazır: “2025-ci ildə Ermənistanın müdafiə büdcəsi 664,6 milyard dram və ya təxminən 1,7 milyard dollardır. 2026-cı ilin büdcə layihəsində təxminən 563,1 milyard dram, 2025-ci illə müqayisədə 101,5 milyard dram azalma (təxminən 15% azalma) nəzərdə tutulur. Baş nazir Nikol Paşinyan və maliyyə naziri vurğulayırlar ki, müdafiə xərcləri 2025-ci ildə “həddindən artıq artıb”. Bu arada Ermənistan müdafiə büdcəsini azaltmağı planlaşdırdığı halda, Azərbaycan tam əks tendensiya nümayiş etdirir. 2026-cı ildə Azərbaycan hərbi xərcləri artırmağı planlaşdırır: təqribən 8,71 milyard manat (5,12 milyard dollar), bu da təsdiq edilmiş 2025-ci il büdcəsindən 3,8% çoxdur. Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 2027-2029-cu illərdə yüksək səviyyədə qalacağına dair orta müddətli proqnozlar var. Eyni zamanda, gördüyümüz kimi, Azərbaycan sadəcə olaraq silah almır; öz istehsal gücünü inkişaf etdirir…. Axı, aşkar faktlar var. Azərbaycan müdafiə xərclərini fəal şəkildə artırır və müasir döyüş sistemlərinin istehsalına sərmayə qoyur. PUA istehsalına başlamaqla texnoloji və kəmiyyət potensialını dəyişir. İstehsalın hazırda “daxili bazar üçün” olduğu bildirilsə də, yeni imkanlar itmir və onlar həm dinc, həm də döyüş məqsədləri üçün istifadə oluna bilər. PUA-lar, kəşfiyyat, dəqiq zərbələr və əməliyyat imkanlarına malik döyüş vasitələri – bütün bunlar döyüş alətlərinin çeşidini genişləndirir. Artıq Azərbaycanın pilotsuz təyyarələrdən, pilotsuz uçuş aparatlarından və kəşfiyyat sistemlərindən istifadə təcrübəsi var ki, bu da ona nəinki özünü müdafiə etmək, həm də istədiyi yerdə və istədiyi vaxt hücum etmək imkanı verir”. Lakin qeyd edilməlidir ki, erməni tərəfinin narahatlığına heç bir əsas yoxdur. Azərbaycan bu ölkə ilə sülh prosesində maraqlıdır. Elə Ermənistanla sülhün təşəbbüskarı da məhz Azərbaycandır. Perspektivdə isə Ermənistanın təhlükəsizlik təminatçısı qismində Azərbaycanın çıxış etməsi də istisna oluna bilməz. O səbəbdən Azərbaycanın hərbi gücünü artımasının Ermənistan üçün heç bir qorxusu yoxdur, əksinə, müəyyən müddətdən sonra erməni tərəfini bunun dividendlərini də görə bilər.
Eyni zamanda, Azərbaycan İsrail və Pakistan kimi hərbi texnoloji cəhətdən inkişaf etmiş ölkələrlə də əməkdaşlığı genişləndirib. İsrailin “Aeronautics” və “Elbit Systems” şirkətləri ilə ortaq layihələr çərçivəsində Azərbaycanda müxtəlif tipli taktiki və kəşfiyyat PUA-larının yığılması və təmiri həyata keçirilir. Bu, həm sənaye bacarığının artmasına, həm də müdafiə təchizatında xarici asılılığın azalmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanda bir neçə yerli PUA modeli üzərində iş aparılır. Azərbaycanda mülki texnoloji startaplar tərəfindən müxtəlif təyinatlı aparatların – müşahidə, kamikadze, həmçinin zərbə PUA-larının prototipləri hazırlanır. “İti Qovan”, “DT-001”, “DT-101 VTOL”, “F-1500”, “F-5000E”, “AD-G4”, “MT-100”, “Zəfər” kimi milli modellərin təqdimatı son illərdə bu sahədə atılan addımların nəticəsidir. Bu aparatların bir çoxu sınaqlardan uğurla keçib, bəzi modellər isə artıq silahlı qüvvələrin inventarına daxil edilib.
Azərbaycanın üstünlüklərindən biri də innovasiya və texnopark mühitinin möhkəmlənməsidir. PUA sənayesinin inkişafı həm də iqtisadi və strateji üstünlüklər yaradır. Bu sahədə istehsalın lokallaşdırılması daxili bazarda yeni iş yerləri yaradır, ixrac potensialını artırır və qeyri-neft sektorunun inkişafına təkan verir. Eyni zamanda, milli PUA istehsalı Azərbaycanın regional müdafiə sənayesi bazarında rəqabət qabiliyyətini gücləndirir. O da mühüm məqamdır ki, Azərbaycanın PUA sənayesinin inkişafı yalnız hərbi məqsədlərlə məhdudlaşmır. PUA texnologiyaları mülki sahələrdə – kənd təsərrüfatında, sərhəd mühafizəsində, təbii fəlakətlərin monitorinqində, ekoloji nəzarətdə və logistik xidmətlərdə də tətbiq olunur. Bu, texnologiyanın çoxşaxəli istifadə imkanlarını nümayiş etdirir və onun sülh dövründə də strateji əhəmiyyət daşıdığını sübut edir. Gələcək illərdə Azərbaycan istehsalı olan PUA-ların təkcə ölkə ordusuna deyil, həm də dost və müttəfiq ölkələrə ixracı real perspektiv hesab olunur.
Daha bir nüans odur ki, PUA-lar ordulara həm əməliyyat, həm də strateji üstünlüklər qazandırır. Ənənəvi hərbi əməliyyatlarda insan itkilərinin çoxluğu, bahalı texnika itkisi və məhdud müşahidə imkanları PUA-ların yaradılmasına əsas zərurət yaradan amillərdən idi. Müasir PUA-lar isə bu məhdudiyyətləri aradan qaldıraraq ordulara həm kəşfiyyat, həm zərbə, həm də logistika sahəsində geniş imkanlar təqdim edir. Davam edən Rusiya-Ukrayna savaşında bunun real nümunələrini görmək mümkündür. PUA-ların yaratdığı taktiki üstünlüklər də diqqətdən yayınmamalıdır. Ənənəvi aviasiya əməliyyatları üçün xüsusi baza, uzunmüddətli hazırlıq və çoxsaylı texniki heyət tələb olunduğu halda, PUA-lar daha sadə infrastrukturla fəaliyyət göstərə bilir. Onların uçuşa hazırlanması qısa vaxt aparır, müxtəlif hava şəraitlərində və mürəkkəb relyeflərdə asanlıqla idarə olunur. Bütün bunlar o deməkdir ki, müasir dövrdə PUA-lar sadəcə bir texniki vasitə deyil, hərbi gücün və müstəqil müdafiə strategiyasının əsas elementidir. Azərbaycanın da bu mənada sözügedən məsələyə xüsusi diqqət etməsi təbii xarakter daşıyır.
MTM Analitik Qrup