
Birləşmiş Millətlər Təşkilatında son günlər qəbul edilən qərarlar və bəyanatlar İran ətrafında vəziyyətin yenidən kəskinləşdiyini göstərir. Təhlükəsizlik Şurasında Rusiya və Çinin İranın nüvə sazişinin uzadılmasına dair təqdim etdiyi qətnamə qəbul olunmadıqdan sonra BMT-nin 2231 saylı qətnaməsinə uyğun olaraq İrana qarşı beynəlxalq sanksiyalar bu həftənin sonundan etibarən bərpa ediləcək. Bu barədə BMT-də Böyük Britaniyanın daimi nümayəndəsi Barbara Vudvordun açıqlaması beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası ötən həftə sanksiyaların bərpası üçün lazımi proseduru tamamlayıb və beləliklə, İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər yenidən qüvvəyə minəcək. Bu addım Tehran üçün ağır nəticələr doğura bilər. Çünki BMT sanksiyaları yalnız nüvə proqramına yönəlməyəcək, həm də iqtisadi, maliyyə və texnoloji əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
BMT-nin hüquqi müstəvisində belə bir qərar verməsi beynəlxalq ictimaiyyətin İranın nüvə fəaliyyətlərinə qarşı ümumi narahatlığını əks etdirir. Halbuki bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian BMT tribunasından bəyan etmişdi ki, İslam Respublikası heç vaxt nüvə silahı yaratmaq niyyətində olmayıb və gələcəkdə də belə bir məqsəd güdməyəcək. Lakin gözlənilən olmadı və Təhlükəsizlik Şurası bu qərarı ilə Tehranın vədlərinə inanmadığını nümayiş etdirdi.
Bu qərar, əlbəttə ki, Vaşinqtonun diplomatik səhnədə təsir imkanlarını gücləndirir. ABŞ uzun müddətdir Tehranı beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri kimi təqdim edir. Bununla yanaşı, Amerikanın İrana yönəlmiş paralel diplomatik təşəbbüsü də diqqət çəkir. Prezident Məsud Pezeşkianın açıqlamasına görə, Vaşinqton rəsmi Tehrana nüvə proqramını ləğv etmək müqabilində üç aylıq sanksiya azadlığı təklif edib. Bu, əslində İranı qısa müddətli güzəşt müqabilində öz əsas strateji üstünlüyündən – nüvə proqramından imtina etməyə sövq edən bir “test paketi” kimi görünür. Lakin Pezeşkian Amerikanın bu təklifini qəbuledilməz sayıb.
Bu, İranda həm siyasi, həm də ideoloji baxımdan gözlənilən mövqedir. Tehran üçün nüvə proqramı yalnız texnoloji inkişaf deyil, həm də rejimin özünümüdafiə və geosiyasi mövcudluq alətidir. Amerikanın təklifi isə İranın uzunmüddətli strateji maraqlarını qurban verməsini nəzərdə tutur.
İranın ali lideri Əli Xamneyinin son bəyanatı isə prosesin gələcəyini daha da qaranlıq edir. Onun sözlərinə görə, ABŞ bütün razılaşmaları pozur, daim aldatmağa çalışır və hərbi müdaxilə ilə hədələyir. Bu arqument yeni deyil. Tehran rəhbərliyi uzun illərdir Vaşinqtona etimadsızlıq siyasətini əsaslandırmaq üçün bu tezislərdən istifadə edir. Xamneyinin sərt mövqeyi faktiki olaraq Amerika ilə yeni danışıqların qapılarını bağlayır. Bu, İran daxilində siyasi konsolidasiya yaratmaq, həm də xarici təzyiqlər fonunda milli müqavimət ruhunu gücləndirmək üçün istifadə olunur.
Lakin eyni zamanda, bu ritorika İranı beynəlxalq təcridin daha da dərinləşməsinə aparır. Çox güman ki, yaxın gələcəkdə Yaxın Şərqdə balansın dəyişməsi müşahidə olunacaq. Belə ki, İranın sanksiyalar altında qalması regiondakı güc balansına təsir göstərəcək. Tehran iqtisadi cəhətdən zəifləyəcək, lakin “proksi qüvvələr” üzərindən təsirini artırmağa çalışacaq. Bu isə İsrail, Səudiyyə Ərəbistanı və digər region gücləri ilə qarşıdurmanı dərinləşdirəcək.
Digər tərəfdən, Təhlükəsizlik Şurasında Rusiya və Çinin qətnaməsi qəbul olunmasa da, onların Tehrana dəstəyi davam edəcək. Hər iki ölkə üçün İran Qərbə qarşı strateji qüvvədir. Bu səbəbdən sanksiyaların real təsirini azaltmaq üçün alternativ yollar axtarılacaq.
MTM Analitik Qrupu