
Zəngəzur dəhlizi məsələsi 2020-ci il 10 noyabr bəyanatından sonra regionun ən mühüm müzakirə mövzularından birinə çevrilib. Nəzərdə tutulub ki, bu dəhliz Azərbaycanı Naxçıvanla, oradan isə Türkiyə ilə birləşdirən strateji yol olmaqla yanaşı, həm də bütün Cənubi Qafqazı Avropa-Asiya nəqliyyat sisteminə bağlayan qlobal arteriya rolunu oynayacaq. Bakı və Ankara bu layihəni regionda sabitliyin və iqtisadi tərəfdaşlığın təminatçısı hesab edir. Avropa İttifaqı və Çin də Orta Dəhliz çərçivəsində bu yolun əhəmiyyətini vurğulayır. Deməli, məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır, Zəngəzur dəhlizi daha geniş beynəlxalq miqyasa malikdir.
Ermənistan Baş naziri Nikol Paşinyan isə BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Zəngəzur dəhlizindən danışarkən onu “Zəngəzur yox, Tramp dəhlizi” kimi təqdim etməyə çalışıb. İlk baxışdan bu, sadəcə ritorik gediş təsiri bağışlasa da, əslində Paşinyanın regiondakı yeni geosiyasi reallıqları qəbul etməkdə nə qədər çətinlik çəkdiyini bir daha göstərir. Bu, həm də Ermənistanın tarixi komplekslərinin nümayişidir. İrəvan hakimiyyəti Zəngəzur dəhlizini Azərbaycan və Türkiyənin regional güclənməsi kimi görür və hələ də bundan qorxur. Halbuki bu yol Ermənistanı “blokadada” saxlayan divarların uçmasına səbəb ola, siyasi təcridini aradan qaldıra bilər. Digər tərəfdən, regiondakı güc balansını da dəyişdirər.
Nikol Paşinyanın öz çıxışında ABŞ prezidenti Donald Trampın adını çəkməsi isə təsadüfi deyil. Bu, Ermənistanın Qərbə ünvanladığı “kömək çağırışı”dır. Sanki o, Brüssel və Vaşinqtonu bu məsələyə daha aktiv müdaxilə etməyə dəvət edir. Amma problem ondadır ki, Qərb üçün dəhlizin adı yox, funksionallığı əhəmiyyətlidir. Hazırkı geosiyasi reallıq da bunu göstərir. Hadisələrin gedişatı onu sübut edir ki, dəhlizin kimə məxsus olduğu yox, kimə fayda verdiyi önəmlidir.
Zəngəzur dəhlizinin Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığı açıq-aydındır. Amma bu yolun açılması Ermənistan üçün də iqtisadi canlanma və tranzit gəlirləri deməkdir. Paşinyanın narahatlığı reallıqdan çox, daxili siyasətdən qaynaqlanır. O, bilir ki, Ermənistan cəmiyyətində “dəhliz” sözünə qarşı ciddi müqavimət var. Paşinyan hər dəfə bu məsələyə toxunanda “suverenliyin əldən getməsi” ittihamı ilə üzləşir. Buna görə də ritorik gedişlərlə məsələni başqa müstəviyə – ABŞ və Qərb siyasətinə bağlamağa çalışır. Lakin dünya siyasətində dəhlizin adının “Zəngəzur”, yoxsa “Tramp” olması xüsusi önəm daşımır. Əsas məsələ odur ki, bu yol Avropa ilə Asiyanı birləşdirən qlobal ticarət xəttinin vacib hissəsinə çevrilir.
Əgər Ermənistan bu yolun açılmasında konstruktiv mövqe tutsa, o zaman Gürcüstana alternativ tranzit imkanları qazanacaq, Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirəcək, Cənubi Qafqazdakı geosiyasi təcridini aradan qaldıracaq. Amma Paşinyanın ritorikası göstərir ki, Ermənistan hələ də tarixi qorxularından qurtula bilmir. Halbuki real siyasət qorxularla deyil, fürsətlərin dəyərləndirilməsi ilə aparılır.
Bu baxımdan Nikol Paşinyanın “Tramp dəhlizi” ifadəsi Ermənistanın regiondakı dəyişikliklərə adaptasiya ola bilmədiyini sübut edir. Zəngəzur dəhlizi istər adı ilə, istər funksiyası ilə regionun gələcəyidir. Ermənistan ya bu gələcəyin bir parçası olacaq, ya da özünü yenidən təcrid divarlarının arxasında tapacaq. Çünki Zəngəzur dəhlizi artıq beynəlxalq reallığa çevrilib və onun qarşısını heç bir siyasi ritorika ala bilməz.
MTM Analitik Qrupu