AZƏRBAYCAN AVRASİYANIN RƏQƏMSAL  XƏRİTƏSİNİN DƏYİŞMƏSİNƏ MÜSTƏSNA TÖHFƏLƏR VERİR

Müasir dövrdə qlobal iqtisadiyyatın tərəqqisində əsas dayaqlardan biri də tranzit və logistika faktorudur. Bu proses yalnız ticarətin fiziki hərəkətini təmin etmir, həm də regional inkişaf, əməkdaşlıq və geosiyasi sabitlik baxımından böyük əhəmiyyət kəsb edir. O da məlum həqiqətdir ki, dünya ticarətinin 80 faizindən çoxu dəniz, dəmir, avtomobil və hava yolları ilə tranzit vasitəsilə həyata keçirilir. Elə bundan irəli gəlir ki, hazırda da tranzit faktoruna dünya miqyasında müstəsna əhəmiyyət verilir. Bir sıra ölkələr isə tranzit daşımalarında getdikcə daha ön plana çıxırlar ki, onlardan biri də Azərbaycandır.

Azərbaycan bu gün Avrasiya miqyasında tranzit və logistika xəritəsini dəyişən ölkələr sırasında yer alır. Burada daha bir mühüm faktor isə “Rəqəmsal İpək Yolu” ilə bağlıdır. Ölkəmiz  coğrafi mövqeyi, inkişaf edən texnoloji infrastrukturu və regional tranzit potensialı sayəsində Rəqəmsal İpək Yolu təşəbbüsündə mühüm strateji rola malikdir. Bu layihə çərçivəsində ölkə, Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında rəqəmsal körpü rolunu oynamaq potensialına sahibdir. Azərbaycanın bu sahədəki əhəmiyyəti həm fiziki infrastruktur layihələri, həm də rəqəmsal transformasiya siyasətləri ilə daha da güclənir. Qeyd edilməlidr ki, sözügedən mövzuya Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı xüsusi toxunub: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tiflis–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan Rəqəmsal İpək Yolu kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir”.

Xatırlatmaq lazım gəlir ki, əsrlər boyu Asiya və Avropa arasında ticarət və mədəniyyət körpüsü olan İpək Yolu günümüzdə tamamilə yeni bir formatda canlanır. Bu məhz Rəqəmsal İpək Yoludur. Sözügedən təşəbbüs Çinin irəli sürdüyü “Bir kəmər, Bir yol” layihəsinin rəqəmsal komponentidir. Ümumiyyətlə, rəqəmsal İpək Yolu əsasən informasiya-kommunikasiya texnologiyalarının, internet infrastrukturlarının, 5G şəbəkələrinin, süni intellektin və rəqəmsal ticarətin inkişafı və inteqrasiyasını özündə ehtiva edir.  Layihə qlobal miqyasa malikdir. Çünki Rəqəmsal İpək Yoluna Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası və bəzi Avropa ölkələri cəlb olunub. Bu ölkələr aralarında  əməkdaşlıq müqavilələri bağlayaraq yeni texnologiyalar əldə edir, rəqəmsal sahədə inkişaf imkanı qazanır. Azərbaycan da Rəqəmsal İpək Yolunda strateji əhəmiyyətə malik ölkələrdən biridir. Müvafiq layihələr fonunda Azərbaycan həm fiziki, həm də rəqəmsal tranzit mərkəzinə çevrilməkdədir. O da mühüm faktordur ki, Azərbaycan “rəqəmsal transformasiya” strategiyası çərçivəsində beynəlxalq rəqəmsal şəbəkələrə qoşulmaq üçün addımlar atır və bu baxımdan Rəqəmsal İpək Yolu əhəmiyyətli rol oynayır.

Azərbaycan da daxil olmaqla Rəqəmsal İpək Yolunun iştirakçı ölkələr üçün yaratdığı imkanlar çoxşaxəlidir. İlk növbədə bura infrastruktur inkişafı daxildir. Sözügedən kontekstdə internetə çıxışın və texnoloji təchizatın yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Zərbaycan bu müstəvidə çoxsaylı nailiyyətlərin müəllifidir. Rəqəmsal bacarıqların inkişaf etdirilməsi və insan kapitalının gücləndirilməsi daha bir nailiyyətdir. Bundan başqa, rəqəmsal platformalar vasitəsilə yeni bazarlara çıxış imkanı da yaranır. Elektron hökumət sistemlərinin tətbiqi və şəffaflıq səviyyəsinin artırılması da prosesin önəmli tərkib hissələrindən biridir. Rəqəmsal İpək Yolu, həmçinin inkişaf etməkdə olan ölkələrə texnoloji sıçrayış üçün fürsət təqdim edir, çünki bu ölkələr artıq ənənəvi mərhələləri keçmədən birbaşa müasir texnologiyalara keçid edə bilirlər.

Bu gün ölkəmiz Çin-Türkiyə-Avropa istiqamətində alternativ rəqəmsal marşrutların yaradılmasına böyük töhfələr verir. Bundan əlavə, “Digital Silk Way” adlı layihə çərçivəsində Azərbaycan-Türkmənistan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin altından fiber-optik kabelin çəkilməsi üçün görülən işlər prosesdə öz sözünü deyir. Bu kabel perspektivdə Çin ilə Avropa arasında rəqəmsal məlumatların ötürülməsi üçün daha qısa və təhlükəsiz bir yol təqdim edəcək. Azərbaycan Cənubi Qafqaz regionunda data mərkəzlərinin yaradılması istiqamətində ciddi addımlar atır. Bu data mərkəzlər Rəqəmsal İpək Yolunun məlumat mübadiləsi və saxlanması üçün regional mərkəzlərə çevrilə bilər. Xüsusilə Azərbaycanın neytral və sabit siyasi mövqeyi, onu etibarlı rəqəmsal tərəfdaş kimi təqdim edir.

Ölkəmiz Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində müxtəlif dövlətlərlə də əməkdaşlığı gücləndirir. Bu əməkdaşlıq yalnız texnoloji deyil, həm də siyasi və iqtisadi müstəvidə qarşılıqlı maraqlara əsaslanır. Bununla yanaşı, Azərbaycan beynəlxalq forumlarda, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində rəqəmsal əməkdaşlıq və kibertəhlükəsizlik sahələrində təşəbbüslər irəli sürür. Rəqəmsal İpək Yolu ilə bağlı Azərbaycan milli rəqəmsal suverenlik prinsipini də uğurla qoruyur.  Çin texnologiyalarının istifadəsi ilə bağlı balanslı mövqe tutaraq, həm Avropa texnologiyalarına çıxışı, həm də Çin ilə əməkdaşlığı qorumağa çalışır.

Eyni zamanda, Azərbaycan kibertəhlükəsizlik strategiyası qəbul edərək, Rəqəmsal İpək Yolunun yaratdığı yeni çağırışlara hazırlıq görür. Beləliklə, Strateji mövqe, inkişaf edən infrastruktur, siyasi sabitlik və milli rəqəmsal strategiyalar Azərbaycanın bu layihədəki rolunu daha da möhkəmləndirir.

MTM Analitik Qrup