ERMƏNİSTAN RƏHBƏRLİYİ AZƏRBAYCANLA HƏRBİ SAHƏDƏ RƏQABƏTİN MƏNASIZLIĞINI ETİRAF EDİR

Rəsmi İrəvan Azərbaycanla istənilən sahədə rəqabətə davam gətirmək imkanında və gücündə olmadığını açıq etiraf etməyə başlayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyanın mediaya müsahibəsindəki son açıqlamaları, bu mənada, regionda regionda formalaşan yeni geosiyasi reallığın məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.

Ermənistanın gələn il üçün hərbi xərclərini hansı səbəbdən azaltması ilə bağlı sualı cavablandıran A.Simonyan bildirib ki, ölkəsi onsuz da Azərbaycan və Türkiyə ilə hərbi xərclər baxımından rəqabət aparmaq imkanında deyil. Bu açıqlama rəsmi İrəvanın uzun illər davam etdirdiyi, postmüharibə dövründə daha geniş vüsət alan militarizasiya siyasətinin iflasını göstərməklə yanaşı, yeni reallıqları qəbul etmək məcburiyyətində qaldığını təsdiqləyir. 2020-ci ilin İkinci Qarabağ müharibəsi, 2023—cü ilin lokal antiterror tədbirləri Ermənistanın hərbi gücünün mifdən başqa bir şey olmadığını, Azərbaycanın iqtisadi, siyasi və hərbi baxımdan Cənubi Qafqazda liderlik etdiyini tam sübuta yetirib.

Müdafiə xərclərinin azaldılması ilə bağlı qərar, ilk növbədə, Ermənistanda iqtisadi vəziyyətin ağır olduğunu üzə çıxarır. Məlumat üçün bildirək kİ, Ermənistan hökuməti 2026-cı il üçün müdafiə xərclərini 16 faiz azaldaraq, 1,46 milyard dollara endirmək qərarına gəlib. Halbuki, Ermənistan 2023-cü ildən başlayaraq son iki ildə hərbi xərclərini 70 faizədək artırıb, üzləşdiyi miskin və açınacaqlı duruma baxmayaraq, revanş xülyasından əl çəkə bilməməsini nümayiş etdirib. İşsizlik səviyyəsi 12 faizə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin son 2 il ərzində 70 faiz artırılması militarist büdcənin bariz nümunəsidir. Rəsmi İrəvan 2025-ci ildə hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırıb.

Azərbaycanın ilbəil artan hərbi xərcləri ilə guya ayaqlaşmaq istəyən Ermənistan hərbi xərclərini artırmağa çalışmaqla, faktiki olaraq əhalisini səfalət içində yaşadıb, strateji əhəmiyyətli digər sahələrin maliyyələşdirilməsini arxa plana keçirib. Üstəlik, bu ölkənin “yeni ərazilər uğrunda yeni müharibə”, Qarabağda ikinci erməni dövləti yaratmaq “arzuları” tamamilə iflasa uğrayıb. Hansısa uzunmüddətli mərhələdə Ermənistanın regionda hərbi balansa nail olması və Azərbaycanı hansısa formada təhdid etməsi qeyri-mümkündür.

Azərbaycanın gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinə ayıracağı vəsaitin 8 milyard 714,8 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da Ermənistanla müqayisədə 3 dəfədən çoxdur. Xüsusən də 8 abqust 2025-ci il tarxili məlum Vaşinqton razılaşmalarından sonra Ermənistan hərbi sahəyə çox vəsait ayırmağın, militarizasiya siyasətinin mənasızlığını anlayır. Qarşı tərəfin ordusunu modernləşdirmək, yeni silah və texnika almaq üçün imkanları da məhduddur.

Ermənistan iqtisadi baxımdan zəif, xarici maliyyə dəstəyindən asılı dövlət olaraq, hərbi sahəyə böyük vəsait ayırmaq imkanına malik deyil. Rəsmi İrəvan yaxşı başa düşür ki, “hərbiləşmə yarışı”nda qalib gəlmək, Azərbaycanın sürətli modernləşmə tempinə tab gətirmək qeyri-mümkündür. Müdafiə xərclərinin azaldılması qərarı da əslində məcburiyyətdən atılan addımdır. Ermənistan rəhbərliyi başa düşür ki, hərbi sahəyə sərf edilən pullar ölkəni gücləndirmir, əksinə, müəyyən risklərlə üz-üzə qoyur. Resursların silahlanmaya yönəldilməsi iqtisadiyyatın real sektorunu zəiflədir, sosial problemləri dərinləşdirir, xarici borcun artmasına səbəb olur.

Tanınmış “Global Firepower” təşkilatının 2025-ci il üçün açıqladığı hesabatda Azərbaycanın hərbi gücünə görə 145 ölkə arasında 60-cı, Ermənistanın 91-ci yerdə qərarlaşması bunun bariz göstəricisidir. Bu fərq yalnız orduların gücündə deyil, həm də ölkələrin iqtisadi gücündə, siyasi nüfuzunda və beynəlxalq mövqelərində özünü qabarıq göstərir. Azərbaycan regional vəlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir. Ermənistan isə əksinə, ötən illərdə separatizmi dəstəkləməsi və işğalçı və qeyri-konstruktiv siyasəti ilə regionda təcrid vəziyyətinə düşüb. Ötən illərin reallıqları da göstərib ki, heç bir beynəlxalq dəstək və ya real müttəfiq bu ölkəni “hərbiləşmə yarışı”nda ayaqda saxlaya bilmir.

Azərbaycanın Ordu quculuğu sahəsindəki üstünlüyü təsadüfi deyil: ölkə rəhbərliyi uzun illərdir ki, bu sahəni dövlət siyasətinin prioritet istiqaməti elan edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz müharibədən sonra da arxayınlaşmamalı, güclü, peşəkar və müasir texnika ilə təchiz edilmiş orduya sahib olmalıdır. Ölkəmizin əldə etdiyi hərbi nailiyyətlər, Ordumuzun gücü Ermənistan üçün həm dərs, həm də xəbərdarlıqdır.

Ən müxtəlif sahələrdə əldə etdiyi üstünlüklər Azərbaycanın regionda liderliyini möhkəmləndirir və Ermənistanı konstruktiv sülh yolunu seçməyə vadar edir. A.Simonyanın fikirləri daha göstərir ki, Ermənistan da artıq bu həqiqəti qəbul edir. Ermənistanın ki, ən yaxşı təhlükəsizlik təminatı Azərbaycanla Yükun Sülh Sazişi imzalamaq, əsassız iddialardan əl çəkməkdir.

MTM Analitik Qrup