İSLAHATLARIN APARILMAMASI BMT-NİN BEYNƏLXALQ NÜFUZUNU SARSIDIR

BMT Baş Assambleyasının ABŞ-nin Nyu-York şəhərində keçirilən 80-ci sessiyası təşkilatda islahatların aparılması, onun yenidən strukturlaşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir ərəfəsində mediaya açıqlamasında bildirib ki, BMT-nin 80 il əvvəl formalaşmış hazırkı strukturu müasir çağırışlara cavab vermir və təşkilat üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirə bilmir.

“Dünya beşdən böyükdür” tezisini ilk dəfə 12 il əvvəl BMT tribunasından səsləndirdiyini xatırladan Türkiyə lideri bu təkliflərin təşkilatın baş katibi səviyyəsində müzakirə olunması vacibliyini vurğulayıb.

Bundan əlavə, bir müddət əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr BMT-də struktur islahatlarının aparılması ilə bağlı çağırış ediblər.

ABŞ prezidenti Donald Tramp isə bu günlərdə təşkilatın Baş Assambleyasında çıxışı zamanı bildirib ki, BMT mənasız müzakirələrlə məşğul olur. “Biz BMT-dən boş söhbətlər eşidirik. Boş söhbət isə müharibələri bitirmir” – deyən ABŞ Prezidenti son aylarda şəxsi təşəbbüsü ilə dünyada 7 müharibəni bitirdiyini, minlərlə insanı xilas etdiyini əlavə edib.

Bütün bunlar göstərir ki, dünya dövlətlərinin əksəriyyəti BMT-nin mövcud strukturunun müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına cavab vermədiyi qənaətindədir. Azərbaycan da son 20 ildə təşkilatda islahatların aparılması vacibliyini təşviq edən ölkələr sırasındadır.

Dövlət müstəqilliyinin bərpasından sonra respublikamız BMT-yə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq platforma kimi yanaşıb. 1992-ci ilin martında təşkilata tamhüquqlu üzvlükdən dərhal sonra rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təşkilat çərçivəsində həllinə ciddi diplomatik səylər göstərib. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələr ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktını təsbit edib. Bununla da beynəlxalq hüququn və təşkilatın nizamnaməsindən irəli gələn tələblərin reallaşdırılması üçün ciddi əsas yaranıb. Həmin qətnamələrin 30 ilə yaxın müddətdə icra olunmaması, kağız üzərində qalması isə BMT-nin ikili standartlar əsasında idarə olunduğunu, təşkilatın qətnamələrinin preventiv təsir gücünün olmadığını göstərib. Bu neqativ hal Azərbaycanın və münaqişələrdən əziyyət çəkən digər ölkələrin BMT-yə olan inamını zəiflədib, təşkilatın nüfuzuna ciddi zərbə vurub.

Xatırlatmaq lazımdır ki, hələ 2003-cü ildə Baş nazir qismində BMT Baş Assambleyasının sessiyasında çıxış edən cənab İlham Əliyev qeyd etmişdi ki, beynəlxalq münasibətlərdə baş verən mürəkkəb proseslər fonunda BMT-nin islahatlara ehtiyacı yaranıb, təşkilatın fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin həyata keçirilməsi zərurəti ön plana çıxıb. Prezident İlham Əliyev sonrakı illərdə dəfələrlə bu mövqeyini təkrarlayıb, BMT-nin qərar qəbuletmə mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Müasir beynəlxalq münasibətlərdəki gərginlik, münaqişələrin həll olunmaması bu çağırışların nə qədər haqlı olduğunu göstərir. Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri fonunda BMT-nin aciz duruma düşməsi, təşkilatın münaqişələrin qarşısının alınmasında və ya həllində real mexanizmlər işlədə bilməməsi üzv dövlətlərdə ciddi narazılıqlar doğurur. Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ, hər hansı qərarın yalnız beş böyük dövlətin konsensusu əsasında qəbul olunması BMT-nin çevik və dinamik qurum kimi fəaliyyətinə mane olur. Bu isə beynəlxalq təhlükəsizlik arxitekturasının getdikcə daha həssas hala gəlməsinə, dövlətlərin milli maraqlarını təmin etmək üçün alternativ platformalara üz tutmasına səbəb olur.

Yaradılmasından 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, BMT-nin dünya siyasətindəki mövqeyi və funksionallığı ilə bağlı suallar açıq qalır. Son onilliklərdə Liviyaya hərbi müdaxilə ilə bağlı qəbul olunmuş tələsik qərarlar fonunda Ukraynada baş verənlərə müdaxiləsiz qalması təşkilatın “dişsiz” mövqeyini nümayiş etdirib. Bu həm də göstərir ki, Təhlükəsizlik Şurasının qərarları əksər hallarda müəyyən hegemon dövlətlərin maraqlarına xidmət edir və universal ədalət prinsipləri arxa plana keçir.

BMT Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurasına münaqişələrin həlli ilə bağlı geniş səlahiyyətlər verilib. Ancaq praktika göstərir ki, bu səlahiyyətlər yalnız bəzi böyük dövlətlərin maraqlarına uyğun tətbiq edilir. Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul olunmuş qətnamələrin illərlə kağız üzərində qalması bu reallığın bariz nümunəsi olub. Eyni laqeyd yanaşma regiondakı digər münaqişələrdə də müşahidə olunur və beynəlxalq hüququn universallığına olan inamı sarsıdır.

Azərbaycan öz siyasətində daim beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanıb. Rəsmi Bakı qlobal və regional məsələlərdə sivil, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa üstünlük verib, “ikili standartlara” qarşı etiraz edib. Lakin bu gün BMT-nin yalnız Təhlükəsizlik Şurasında deyil, digər strukturlarında da qərəzin mövcudluğu müşahidə olunur. Məsələn, UNESCO postmünaqişə dövründə azad edilmiş ərazilərimizdə dağıdılmış tarixi-mədəni abidələrin vəziyyətini öyrənmək üçün ölkəmizə missiya göndərməkdən yayınıb. BMT-nin Əhali Fondu isə 30 il müddətində azərbaycanlı məcburi köçkünlərin üzləşdiyi faciələrə susduğu halda, iki il əvvəl “Qarabağın erməni əhalisinin hüquqları” mövzusunda qərəzli bəyanat verib. Bu faktlar beynəlxalq təşkilatların fəaliyyətində obyektivlikdən uzaq yanaşmaların gücləndiyini təsdiq edib.

Belə bir şəraitdə Azərbaycan və Türkiyə, habelə digər bir sıra dövlətlər haqlı olaraq BMT-də islahatların həyata keçirilməsini, qərar qəbuletmə mexanizmlərinin dəyişdirilməsini tələb edirlər. Əks halda beynəlxalq hüququn əsas prinsipləri təsir gücünü itirə, beynəlxalq sənədlər, sazişlər formal xarakter daşıya bilər.

Rəsmi Bakı bu reallıqlar fonunda beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyini və bərabərhüquqlu əməkdaşlığı prioritet elan etməklə, BMT-də ədalətli dünya düzəninin qurulması prosesinə töhfələr verməyə çalışır.

MTM Analitik Qrup