
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nyu-Yorkda müxtəlif ölkə və təşkilat rəhbərləri ilə yanaşı, dünyanın aparıcı maliyyə şirkətləri ilə görüşlər keçirir. Artıq məlumat verildiyi kimi dövlət başçısı “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Bunlarla yanaşı, Prezident İlham Əliyev dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə, “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.
1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Görüşdə “Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulanıb. 1997-ci ildə təsis edilən və hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edən “Ares Management” şirkəti Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından ölkəmizlə əməkdaşlığı fəaliyyətində prioritetlərdən hesab edir. Bütün bunlar Azərbaycanın investisiya cəlbediciliyinin yüksək olmasını, sözügedən məqamın dünya miqyasında da diqqətlə izlənildiyini nümayiş etdirir.
Ölkənin sərmayə baxımından əlverişli məkan olmasını Prezident İlham Əliyevin himayəsi altında Bakıda “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da təsdiq etdi. Qeyd edilməlidir ki, Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarını keçir. “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanan sazişə əsasən, yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı üçün birgə müəssisənin yaradılması məqsədilə ölkəmizə 700 milyon dollar dəyərində xarici investisiya yatırılacaq. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon dollar olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” konsepsiyasının inkişafına dair imzalanan Əməkdaşlıq Müqaviləsi 5 milyard dollarlıq investisiyanın Azərbaycana cəlbini özündə ehtiva edir. Bu kontekstdə Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq. İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex Trucks & Buses” şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumları, AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb. “See Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels & Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blue”, “Digital Residence”, “Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar arasında imzalanan anlaşma memorandumları ümumilikdə ölkəmizə 500 milyon dollar xarici investisiyanın cəlbini nəzərdə tutur.
Təhlillər göstərir ki, cəlb olunan xarici sərmayələrin çoxu indi daha çox qeyri-neft/qaz sektoruna yönəlir. Son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsini prioritet elan edib. Kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, nəqliyyat-logistika, sənaye parkları və bərpa olunan enerji sahələri xarici investorların diqqət mərkəzindədir. Artan xarici investisiyaların ən mühüm nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Digər mühüm təsir isə vergi və büdcə gəlirlərinin artmasıdır. Xarici sərmayəli müəssisələrin fəaliyyəti dövlət büdcəsinə əlavə vəsaiti gətirir ki, bu da sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Xarici investisiyalar həm də innovasiya və texnoloji transferin başlıca mənbəyidir. Müasir texnologiyaların gətirilməsi yerli istehsalın rəqabət qabiliyyətini artırır, ixrac imkanlarını genişləndirir. Bu isə Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyasını sürətləndirir.
Ümumiyyətlə, artan xarici investisiyalar Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayır. O da faktdır ki, xarici sərmayələr ölkənin maliyyə dayanıqlığını artırmaqla yanaşı, diplomatik və regional nüfuzunu gücləndirir. Xarici investisiyalar Azərbaycanın beynəlxalq siyasi mövqeyinə də müsbət istiqamətdə təsirsiz ötüşmür. Sərmayə qoyuluşları ilə ölkəyə daxil olan şirkətlər və dövlət qurumları ilə diplomatik əlaqələr dərinləşir. Misal üçün Avropa İttifaqı və ABŞ şirkətlərinin enerji sektoruna yatırımları, Azərbaycanla Qərb ölkələri arasında strateji-iqtisadi əməkdaşlıq və etimadın artmasına səbəb olub. Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Səudiyyə Ərəbistanı ilə turizm, logistika və enerji sahələrindəki sərmayələr regional əməkdaşlıq imkanlarını genişləndirir. Bundan başqa, beynəlxalq layihələrdə Azərbaycan tərəfdaş kimi çıxış edərək diplomatik nüfuzunu artırır, qlobal enerji təhlükəsizliyinə töhfəsini göstərir. Xarici investisiyalar həm də Azərbaycanın regionda balanslaşdırılmış siyasət yürütməsinə imkan verir. Enerji və iqtisadi layihələrdə tərəfdaşlarla işbirliyi həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, ölkənin müstəqil siyasət yürütməsinə əlavə təkan verir.
Artan xarici investisiyalar Azərbaycanın beynəlxalq imicini də yüksəldir. Dünya investorları üçün ölkənin siyasi sabitliyi və iqtisadi potensialı önəmli göstəricidir. Xarici sərmayələrin cəlbi həmçinin ölkənin dayanıqlı inkişaf və rəqəmsal dövlət siyasətlərini beynəlxalq səviyyədə nümayiş etdirir.
MTM Analitik Qrup