PREZİDENT İLHAM ƏLİYEVİN ABŞ SƏFƏRİ AZƏRBAYCANIN SİYASİ VƏ İQTİSADİ GÜNDƏMİNƏ TÖVHƏ VERİR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Bu səfər Azərbaycan üçün həm beynəlxalq münasibətlərdə mövqelərin möhkəmləndirilməsi, həm də regional sülh təşəbbüslərinin beynəlxalq aləmdə dəstəklənməsi baxımından əhəmiyyət daşıyır. Prezidentin yüksək səviyyəli görüşləri, enerji və investisiya sahəsində aparılan danışıqlar, həmçinin sülh prosesi ilə bağlı səsləndirdiyi mesajlar Azərbaycanın xarici siyasət strategiyasının əsas prioritetlərini nümayiş etdirir. Təbii ki, səfərin əsas məqsədi Azərbaycanın BMT tribunasından beynəlxalq auditoriyaya mesajlarını çatdırmaq, qlobal təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığı gücləndirmək, eləcə də ikitərəfli görüşlər vasitəsilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir.

Prezident İlham Əliyev Nyu-Yorkda keçirdiyi görüşlərdə müxtəlif regionların liderləri ilə dialoq quraraq Azərbaycanın diplomatik fəallığını bir daha nümayiş etdirir. Dövlət başçısı İraq, Finlandiya və Keniya prezidentləri, Yunanıstanın Baş naziri və Avropa Şurasının Baş katibi ilə keçirdiyi görüşlər Azərbaycanın həm region ölkələri, həm Avropa İttifaqı ilə bağlı tərəfdaşları, həm də Afrika qitəsi dövlətləri ilə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. Görüşlərin əsas gündəmini enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı, regional sülh təşəbbüsləri və beynəlxalq təşkilatlarla dialoq təşkil edir.

ABŞ-da keçirilən işgüzar tədbirlər çərçivəsində böyük qlobal investorların, o cümlədən “Blackstone” kimi maliyyə nəhənglərinin Azərbaycana maraq göstərməsi iqtisadi münasibətlərin gələcək perspektivləri baxımından xüsusi diqqət çəkir. Bu görüşlər enerji və iqtisadi əməkdaşlıq perspektivlərini ortaya qoymaqla Azərbaycanın ənənəvi enerji ixracatçısı potensialını və Avropa enerji təhlükəsizliyinin təminatındakı rolunu da göstərir. Şübhəsiz ki, xarici şirkətlərin ölkəmizə marağı enerji layihələrinə və infrastruktur sahələrinə yeni investisiya axınına yol aça bilər. Bu, Azərbaycanın iqtisadi modernləşməsi və qeyri-neft sektorunun inkişafı üçün də əhəmiyyətli imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışlarında və keçirilən görüşlərdə Ermənistanla sülh gündəminin yekunlaşdırılması və regionda yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanıdılmasına xüsusi diqqət yetirir. Çox güman ki, bu məsələ Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının tribunasından edəcəyi çıxışında da özünü göstərəcək.  Çünki Azərbaycan sülh təşəbbüslərinin qlobal aktorlar tərəfindən dəstəklənməsinə nail olmağa çalışır. Bu, regionun gələcək sabitliyi və davamlı inkişafı üçün mühüm addımdır.

Səfərin gedişini ümimiləşdirərək belə qənaətə gələ bilərək ki, Prezident İlham Əliyevin Nyu-Yorka səfəri Azərbaycanın xarici siyasətində iki əsas istiqaməti –

regionda sülhün və sabitliyin təmin olunmasını, eləcə də enerji və investisiya sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsini birləşdirir. Bu mənada ikitərəfli görüşlər konkret əməkdaşlıq imkanlarını dərinləşdirir. Səfərin həm siyasi, həm də iqtisadi gündəmi ölkənin xarici siyasətində çoxşaxəlilik prinsipini təsdiqləyir. Bu məqam Azərbaycanın qlobal arenada həm regional güc mərkəzi, həm də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən mühüm faktordur.

MTM Analitik Qrup