QLOBAL FORUMLAR AZƏRBAYCANIN TƏRƏFDAŞ ÇEVRƏSİNİ GENİŞLƏNDİRİR

Müstəqil Azərbaycanın son 10 ildə beynəlxalq münasibətlər sistemində fəal aktora çevrilməsini təmin edən əsas amillərdən biri də ölkəmizin qlobal planda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfələrlə şərtlənir. Rəsmi Bakının təşəbbüsü ilə keçirilən çoxsaylı mötəbər tədbirlər respublikamızı regionun intellektual mərkəzinə, sülh, təhlükəsizlik və sivil birgəyaşayış platformasına çevirib. Yürüdülən fəal diplomatiya dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda ölkəmizin siyasi və iqtisadi müstəqilliyini, milli təhlükəsizliyini möhkəmləndirib, onu qlobal əhəmiyyətli tədbirlərin təşkilatçısına çevirib.

2008-ci ildə elan edilmiş “Bakı prosesi”nin tərkib hissəsi olan bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi, intellektual tellərlə bağlayan ölkə olduğunu göstərir. “Bakı Prosesi” çərçivəsində indiyədək keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq, o cümlədən Bakı Beynəlxalq Humanitar forumları və digər tədbirlər qlobal əməkdaşlıq üçün uğurlu bağlantılar yaradıb.

Yeni çağırışlar fonunda dövlətlərin xarici siyasət prioritetlərinin reallaşdırılması, iqtisadi, siyasi və mədəni tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından qlobal forumlar və çoxtərəfli platformalar vacib əhəmiyyət kəsb edir. Evsahibliyi etdiyimiz beynəlxalq tədbirlər eyni zamanda strateji maraqların təmini, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından da effektiv vasitəyə çevrilib. Bu tədbirlər vasitəsilə, ilk növbədə, yeni əməkdaşlıq imkanları açılır, mövcud tərəfdaşlıqlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Azərbaycanın beynəlxalq forumlardakı fəallığı geosiyasi mövqeyi və iqtisadi potensialı ilə də sıx bağlıdır. Şərqlə Qərb, Şimalla Cənub arasında körpü funksiyasını yerinə yetirən ölkəmiz transregional layihələrin əsas təşəbbüskarı kimi çıxış etməklə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını təşviq edir. Bu mənada, qlobal forumlar təkcə siyasi dialoq vasitəsi deyil, deyil, həm də əməkdaşlıq platformasıdır.

Enerji və nəqliyyat sahələri hazırda ölkəmizin beynəlxalq forumlarda ən çox önə çəkdiyi istiqamətlərdən biridir. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, iqlim dəyişmələri ilə mübarizə və bu kontekstdə yaşıl enerjinin istehsalı və ixracı beynəlxalq əməkdaşlıqda mühüm istiqamətə çevrilib. Xüsusilə ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə necə fəal və təşəbbüskar rol oynayan ölkə olduğunu təsdiqləyib. Ölkəmiz bu gün Afrika və İnkişaf etməkdə olan digər kiçik ada ölkələrinin iqlim və digər sahələrdə üzləşdikləri problemlərin beynəlxalq platformalarda müzakirəsini təşkil edir, onlara maliyyə yardımının artırılması təşəbbüsləri ilə çıxış edir.

Dünya üçün aktual olan nəqliyyat-logistika məsələləri də bu forumların Azərbaycan üçün strateji əhəmiyyətini artırır. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şimal-Cənub və digər nəqliyyat-kommunikasiya marşrutlarının reallaşdırılması ilə bağlı müzakirələrdə ölkəmiz vacib tərəfdaş kimi çıxış edir. Bu forumlar çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq ticarət şəbəkəsində rolunu möhkəmləndirir, onu regionun logistik mərkəzinə çevirir. Bu mənada, qlobal forumlar konkret iqtisadi nəticələr doğuran əməkdaşlıq platforması kimi də özünü doğruldur.

Sivilizasiyalararası dialoqun inkişafına töhfə olan bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzuna, onun iqtisadi, siyasi, hüquqi və digər sahələrdə həyata keçirdiyi islahatlara, reallaşdırdığı transmilli layihələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Bu və digər forumlar vasitəsilə sivil dialoq atmosferinin yaradılması, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələrin əsas məkanına çevrilib.

Beynəlxalq tədbirlər vasitəsilə ölkəmiz həm də ikitərəfli görüşlər keçirərək konkret layihələr üzrə razılaşmalar əldə edir. Bu günlərdə paytaxtda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, eləcə də 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və nümayəndələrinin qatıldığı III Bakı Təhlükəsizlik Forumu qlobal iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Yeni investisiya imkanlarının müzakirəsi, biznes dairələri arasında əlaqələrin qurulması, texnologiya transferi və innovasiyaların təşviqi ölkəmizin iqtisadi modernləşməsini sürətləndirir. İqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya kimi məsələlərin müzakirələrində iştirak Azərbaycanın inkişaf prioritetlərinin müəyyənləşdirməsinə kömək edir.

Azərbaycan qlobal forumlar və tədbirlər vasitəsilə həm də özünün sülh gündəliyini ardıcıl şəkildə dünyaya çatdırır. Cənubi Qafqazda yaranmış yeni geosiyasi şərait region ölkələri arasında iqtisadi əməkdaşlığın, kommunikasiya xətlərinin açılmasının, qarşılıqlı etimadın bərqərar olmasının vacibliyini ön plana çıxarır. Bu baxımdan ölkəmizin təşəbbüsləri regional sabitliklə yanaşı, həm də qlobal əməkdaşlığa zəmin yaradır.

Keçirilən tədbirlər ölkəmizin müxtəlif regionlarda strateji tərəfdaş çevrəsini də genişləndirməyə imkan verir. Azərbaycanın forumlarda nümayiş etdirdiyi fəallıq onun etibarlı, güvənli tərəfdaş və beynəlxalq əməkdaşlığın təşviqçisi kimi mövqeyini daha da gücləndirir.

MTM Analitik Qrup