ANKARA VƏ VAŞİNQTON 100 MİLYARD DOLLARLIQ TİCARƏT DÖVRİYYƏSİNİ HƏDƏF SEÇDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika ilə ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm mesaj verib. O bildirib ki, Prezident Donald Trampla 2019-cu ildə əldə edilmiş razılaşma qüvvədə qalır və iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi artıq ortaq məqsəddir. Bu bəyanat həm ikitərəfli münasibətlərin iqtisadi müstəvisində, həm də qlobal geosiyasi kontekstdə ciddi əhəmiyyət daşıyır. Qeyd edək ki, 2019-cu ildə Türkiyə və ABŞ arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq barədə razılaşma əldə edilmişdi. O dövrdə münasibətlərdə gərginlik yaradan məsələlər vardı. Xüsusən Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması, ABŞ-ın isə YPG/PYD-yə dəstəyi münasibətlərə kölgə salmışdı. Ancaq tərəflər iqtisadi əməkdaşlığı siyasi ziddiyyətlərdən ayrı saxlamağa çalışırdılar. Bu razılaşma Türkiyənin iqtisadiyyatında ABŞ bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, Vaşinqton üçün də Türkiyəni regionda etibarlı iqtisadi tərəfdaş kimi saxlamağın aləti kimi nəzərdə tutulmuşdu.

Hazırda Türkiyə ABŞ-a əsasən tekstil, avtomobil ehtiyat hissələri, kimyəvi məhsullar və qida ixrac edir. ABŞ isə Türkiyəyə yüksək texnologiya məhsulları, aviasiya və hərbi sənaye avadanlıqları, enerji resursları və kənd təsərrüfatı məhsulları satır. 100 milyard dollarlıq hədəf üçün məhsul müxtəlifliyinin artırılması vacibdir. Digər tərəfdən, ABŞ şirkətlərinin Türkiyədə birbaşa investisiyaları mühüm rol oynayır. Türkiyə isə ABŞ bazarında əsasən daşınmaz əmlak və xidmət sektoruna sərmayələr yatırır. ABŞ-ın maye qaz ixracı da Türkiyə üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Türkiyənin tranzit ölkə kimi rolu isə ABŞ üçün Avropaya enerji daşımalarında alternativ yollar açır.

Amerikada yaxşı bilirlər ki, Türkiyə Yaxın Şərqdə və Qafqazda mühüm strateji mövqeyə malikdir. ABŞ üçün bu bölgədə etibarlı müttəfiqə sahib olmaq önəmlidir. Bununla yanaşı, Ankara və Vaşinqton arasında siyasi gərginliklərə baxmayaraq, NATO çərçivəsində əməkdaşlıq davam edir. İqtisadi əməkdaşlıq isə bu hərbi-siyasi əlaqələri gücləndirən amildir. ABŞ-Türkiyə münasibətlərində iqtisadi əməkdaşlığın gücləndirilməsi həm də Türkiyənin Çin və Rusiya ilə yaxınlaşmasının balanslaşdırılması məqsədi daşıyır. Lakin nəzərə almalıyıq ki, vaxtilə ABŞ-ın Suriya siyasəti və Türkiyənin müdafiə sənayesi ilə bağlı mövqeləri zaman-zaman qarşıdurmalara səbəb olub. Gömrük rüsumları, kvotalar və texniki tənzimləmələr hədəfə çatmağı çətinləşdirib. Qafqaz, Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki böhranlar tərəflərin iqtisadi əməkdaşlığına təsir göstərib. Rəcəb Tayyib Ərdoğanın bəyanatı isə göstərir ki, Ankara Vaşinqtonla iqtisadi əməkdaşlığı prioritet sahə hesab edir və 100 milyard dollarlıq ticarət hədəfini strateji məqsəd kimi qoruyur. Bu, Türkiyə üçün həm iqtisadiyyatın diversifikasiyası, həm də Qərb dünyası ilə əlaqələrin möhkəmləndirilməsi baxımından vacibdir. ABŞ üçün isə Türkiyə həm böyük bazar, həm də regional strateji tərəfdaşdır. Lakin bu hədəfin reallaşması üçün siyasi maneələrin aradan qaldırılması, gömrük və texniki baryerlərin yumşaldılması, eləcə də iki ölkə arasında qarşılıqlı etimadın artırılması zəruridir.

MTM Analitik Qrup