PAŞİNYANIN DÖRDÜNCÜ RESPUBLİKA ELANININ ARXASINDA NƏ DAYANIR?

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında maraqlı açıqlamalar verib. Hökumət başçısı bildirib ki, sədrlik etdiyi partiyanın məqsədi dördüncü respublikanın elan edilməsidir. Onun sözlərinə görə, seçkilərdə xalqın etimadını qazandıqdan sonra partiya yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün ümummilli prosesə start verəcək. Bununla yanaşı, baş nazir bildirib ki, üçüncü respublika ilə dördüncü respublikanın əsas fərqi sülhlə bağlıdır. Bu, yeni ideologiya deməkdir.

Əslində Baş nazirin dördüncü respublika elan etməsi bir sıra məqsədlərdən də xəbər verir. Bu qərar ilə əslində əvvəlki qəsbkar, işğalçı, revanşist hakimiyyətlərin izini silmək, yeni respublika və yeni əlaqələrlə təmsil etdiyi dövləti başqa səviyyəyə çatdırmaq niyyətini güdür. Üçüncü respublika Ermənistan tarixində müharibələr, uğursuzluqlar, işğal kimi qalıb. Bu səbəbdən Azərbaycanla yeni səhifə açmaq istəyən, sülhə can atan, regionda qonşuluq münasibətlərini bərpa etmək istəyən hökumətin addımı anlaşılandır.

Üçüncü respublika Qarabağın işğalı ilə “məşhurdur” və bu fakt hakim “Vətəndaş müqaviləsi”ni narahat edir. Çünki belə bir reallığı qəbul edərək, sülhdən danışmaq, Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qurmaq kifayət qədər çətin görünür. Bu səbəbdən də erməni  dövlətçiliyi tarixində yeni səhifə açmaq, keçmişin narahatedici utancından qurtulmaq niyyəti güdülür. Eyni zamanda Baş nazirin konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verməsi də bu niyyəti daha da gücləndirir. Çünki məhz bir müddətdir Azərbaycanın sülhlə bağlı haqlı tələblərindən biri də Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. 1991-ci ildə qurulan və müstəqillik bəyannaməsini əsas götürən üçüncü respublikanın tör-töküntüləri hazırda iki ölkə arasında sülhə maneə sayılır. Bu səbəbdən də Nikol Paşinyanın çıxışına bu prizmadan yanaşmaq lazımdır.

Baş nazirin bu çıxışı eks-prezidentlər arasında çaxnaşmaya səbəb olub. Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan Baş nazirin açıqlamasını tənqid etmək üçün yarışa çıxıblar. Maraqlıdır ki, Serj Sarkisyan bu məsələdə xüsusi canfəşanlıq göstərib. O, hətta xalqı seçkilərdə “Vətəndaş müqaviləsi”nə səs verməməyə çağırıb. Eks-prezident fikrini belə izah edib ki, Nikolun bu qərarı ölkənin suverenliyini itirməsi ilə nəticələnə bilər. Eyni zamanda ölkənin və xalqın gələcəyini təhlükə altına atır.

Əslində Serj bu açıqlaması ilə revanşist xislətini bir daha ortaya qoyub. Hər zaman hakimiyyət uğrunda mübarizədə müharibə, ölkə əldən gedir, suverenliyimiz təhlükə altındadır tezislərini səsləndirən sabiq dövlət başçısı bu dəfə də ənənəsinə sadiq qalıb. Amma uzun illər çeynənmiş fikirlərdən yorulan erməni xalqı ehtimal ki, 2026-cı il seçkilərində də bu tezislərə boyun əyməyəcək. Bunu keçirilən sonuncu sorğular da sübut edir. Təsadüfi deyil ki, son sorğu nəticələrinə əsasən, Baş nazirin reytinqi artmaqda davam edir. Bu, Paşinyanın sülh platforması və Vaşinqton sazişi ilə bağlıdır. Bu səbəbdən də Nikolun dördüncü respublika elan edərək, yeni səhifə açmaq istəyi anlaşılandır.

MTM Analitik Qrup