BU GÜN BEYNƏLXALQ AHILLAR GÜNÜDÜR

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.

Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

BMT-nin məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib — 1950-ci ildən 2010-cu ilə qədər dünyada ömrün uzunluğu 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının iki milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Hazırda Azərbaycanda ahıl vətəndaşların sayı 420 mindən çoxdur. Ahıl vətəndaşlar ölkə əhalisinin 4,2 faizini təşkil edir. Həmin yaş qrupunda olan vətəndaşlar arasında qadınların sayı kişilərin sayından çoxdur.

Ümummilli lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.