
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Azərbaycan, Özbəkistan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli toplantı regionun gələcək geosiyasi mənzərəsinə və iqtisadi əməkdaşlıq modellərinə dair mühüm mesajlar verir. Tədbirin əsas təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uzun illərdir ki, nüfuzlu beynəlxalq dialoq platformasına çevrilib. Qurum dünyanın nüfuzlu siyasətçilərini, ekspertlərini, ictimai xadimlərini və müxtəlif sahələrdən olan mütəxəssisləri bir araya gətirərək qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə sanballı töhfə verir.
Mərkəzin “X” sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunur ki, forumun məqsədi Avrasiyada strateji dialoq və əməkdaşlığın təşviq edilməsidir. Bu mənada, tədbir təkcə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı deyil, həm də Avropa ilə yeni əməkdaşlıq modelinin formalaşdırılması baxımından da əhəmiyyətlidir.
Ölkəmiz üçün görüşün əhəmiyyətini bir neçə aspektdə dəyərləndirmək olar. İlk növbədə, bu tədbir son illərdə həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi davamıdır. Bakı bir tərəfdən Avropa İttifaqı ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində strateji əməkdaşlığı dərinləşdirir, digər tərəfdən isə Mərkəzi Asiyanın türkdilli ölkələri ilə inteqrasiyanı möhkəmləndirir. Daşkənddə keçirilən forum türk dünyası ilə Avropa arasındakı strateji körpü rolunu oynayan unikal platformalardan biri kimi diqqət çəkir. Cənubi Qafqazda regional liderliyi şübhə doğurmayan Azərbaycan bu tədbirdə beynəlxalq dialoq təşəbbüskarı kimi çıxış edir.
Enerji təhlükəsizliyi baxımından ölkəmizin Avropa üçün strateji tərəfdaşa çevrildiyi danılmazdır. Ukrayna müharibəsinin uzanması Avropa İttifaqını enerji mənbələrinin şaxələndirilməsinə və yeni alternativlərin tapılmasına vadar edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi bütövlükdə Avropanın enerji xəritəsini dəyişdirib. İndi isə Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Özbəkistanın bu prosesə qoşulması yeni imkanlar açır.
Azərbaycanla Özbəkistan son illərdə yaşıl enerji istiqamətində sıx əməkdaşlığa başlayıblar. İki ölkə yalnız ənənəvi neft-qaz sahəsində deyil, bərpa olunan enerji layihələrində də ortaq addımlar atır. Bu əməkdaşlıq xüsusilə 2024-cü ildən imzalanan sazişlərdə özünü göstərir. COP29 konfransı çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndə heyətləri arasında bərpa olunan mənbələr hesabına istehsal ediləcək enerjinin ixracına dair bir sıra mühüm razılaşmalar əldə edilib. Bu sazişlər əsasında tərəflər “yaşıl enerji körpüsü” yaratmaq barədə razılığa gəliblər. Bu təşəbbüs Azərbaycanın “yaşıl enerji habı”na çevrilməsi strategiyasına, Özbəkistanın isə regional enerji ixracatçısı kimi mövqelərini gücləndirməsinə xidmət edir.
Özbəkistan yaxın illərdə istehsal etdiyi enerjini Avropaya çatdırmaq üçün Qara dənizin dibi ilə çəkiləcək kabel layihəsinə qoşulmaq niyyətindədir. Layihənin reallaşması Mərkəzi Asiyadan Avropaya ilk dəfə alternativ, dayanıqlı və ekoloji təmiz enerji xəttini təmin edəcək. Bu prosesdə Azərbaycanın rolu ikili xarakter daşıyır: ölkəmiz, bir tərəfdən, özünün külək və günəş potensialını Avropa bazarlarına ixrac edir; digər tərəfdən, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında tranzit funksiyasını yerinə yetirir.
Forumun mühüm müzakirə mövzularından biri də nəqliyyat-logistika sahəsidir. Orta Dəhliz – Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edən marşrut son illərdə qlobal logistika sistemində xüsusi üstünlük qazanıb. Azərbaycanın xüsusi maraq göstərdiyi bu layihə Avropa və Mərkəzi Asiya ölkələri üçün alternativ və təhlükəsiz nəqliyyat xətti rolunu oynayır. Daşkənddə keçirilən toplantıda Özbəkistanın bu dəhlizə daha fəal qoşulması da müzakirə ediləcək.
Azərbaycan üçün forumun siyasi aspekti də mühüm əhəmiyyətə malikdir. Qlobal güclərin təsir dairələrinin kəsişdiyi məkan olan Avrasiya balanslaşdırılmış siyasət tələb edir. Azərbaycan isə bu siyasətin uğurlu nümunəsini göstərir: bir tərəfdən Türkiyə və digər türkdilli dövlətlərlə sıx əməkdaşlıq edir, digər tərəfdən Avropa İttifaqı ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri qurur. Azərbaycanın beynəlxalq nüfuzunun artması, sülh təşəbbüslərinin dəstəklənməsi və regional sabitliyin təmin olunmasında rolunun güclənməsi məhz bu kontekstdə qiymətləndirilir.
Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişafını xüsusi vurğulamaq lazımdır. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sazişlər, iqtisadi və humanitar əlaqələrin dinamik inkişafı bunu təsdiqləyir. Daşkənddə keçirilən forum ikitərəfli münasibətləri beynəlxalq müstəviyə daşıyır. Azərbaycan və Özbəkistanın Avropa ilə dialoqu göstərir ki, tərəflər regional və qlobal problemlərin həllində ortaq mövqelərə malikdirlər.
Təhlükəsizlik müstəvisində də forumun əhəmiyyəti böyükdür. Azərbaycan regionda sabitliyin bərqərar olması üçün ardıcıl təşəbbüslər irəli sürür, Ermənistanla sülh prosesinə töhfə verir. Avropa ilə Mərkəzi Asiya arasında dialoqda vasitəçi rolunda çıxış etmək Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu, həm də Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı təhlükəsizlik mühitinin yaradılması üçün əlavə siyasi dəstək deməkdir.
Bütün bunların fonunda demək olar ki, Daşkənddə keçirilən “Azərbaycan, Özbəkistan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” forumu yeni əməkdaşlıq modellərinin müzakirəsi üçün mühüm platformadır. Bu platforma vasitəsilə Azərbaycan həm regional, həm də qlobal siyasətin vacib aktoru kimi mövqelərini daha da möhkəmləndirəcək.
MTM Analitik Qrup