MOLDOVANIN XƏBƏR PORTALI AZƏRBAYCAN PREZİDENTİNİN ANADOLU AGENTLİYİNƏ VƏ “FRANCE-24” TELEKANALINA MÜSAHİBƏLƏRİNƏ GENİŞ YER AYIRIB

Moldovanın nüfuzlu “noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə və Fransanın “France-24” televiziya kanalına müsahibələri ilə bağlı geniş məqalələr dərc edib.

Məqalələrdə Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə daha çox diqqət ayırıb. Məqalələrdə Prezident İlham Əliyevin sitatlarına istinadla qeyd edilir ki, İkinci Qarabağ müharibəsindən sonra Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərini daha da yüksək səviyyəyə qaldırdı. Əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.

Digər bir məqalədə vurğulanır ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır.

“Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər – həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq”, – deyə məqalədə Azərbaycan Prezidentinin fikirləri yer alıb.