ŞƏHİDLƏR BARƏDƏ MƏLUMATLAR VAHİD PORTALDA TOPLANACAQ

Şəhid hərbçilər və mülki şəxslər barədə məlumatlar sistemləşdiriləcək.

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

O bildirib ki, Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır:

“Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır.

Gələcək perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”.

S.Yusifova əlavə edib ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir:

“Həm şəhidlərin ailə üzvlərinin, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.