AZƏRBAYCANIN 2025–2028-Cİ İLLƏR ÜÇÜN SÜNİ İNTELLEKT STRATEGİYASI TƏSDİQ EDİLDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə imzalanıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamla təsdiq edilən Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli; Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirsin, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilməlidir.