
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin tam razılaşdırılması rəsmi olaraq elan edildikdən sonra Ermənistan silahlı qüvvələrinin ardıcıl şəkildə atəşkəsi pozması ciddi suallar doğurur. Bu hadisələr münaqişənin həllinə yönəldilmiş diplomatik səyləri kölgə altına salır və Ermənistanın həqiqi niyyətlərini ortaya qoyur.
Əvvəllər də müşahidə edildiyi kimi, Ermənistan tərəfi hər zaman kritik sülh mərhələlərində təxribatlara əl atıb. Bu, 1994-cü il Bişkek protokolu, 2020-ci il müharibəsindən sonrakı dövr və 2023-cü ilin dekabrında delimitasiya prosesinin aktiv fazaya keçməsi zamanı da müşahidə olunmuşdu. Bu dəfə də analoji ssenari baş verir: rəsmi İrəvan sülh müqaviləsinin razılaşdırıldığını elan edərək diplomatik uğur görüntüsü yaradır, lakin eyni zamanda silahlı qüvvələrinin iştirakı ilə təxribat xarakterli addımlar atır. Bu cür addımlar ilk növbədə sülhün praktik icrasını əngəlləmək məqsədi daşıyır. Baxmayaraq ki, sülh müqaviləsinin imzalanması onun avtomatik icrası anlamına gəlmir. Sənədin hüquqi qüvvəyə minməsi üçün hər iki ölkə onu parlamentdə təsdiq etməli və sonrakı praktiki addımları atmalıdır. Ermənistan isə sülh müqaviləsinin qüvvəyə minməzdən öncə atəşkəsi pozaraq, prosesin icrasını çətinləşdirmək niyyətindədir. Bu addım Ermənistandakı revanşist qüvvələrin xeyrinə işləyir və onların “sülh müqaviləsinin Ermənistanın maraqlarına uyğun olmadığı” barədə arqumentlərini gücləndirir.
Nəzərə almalıyıq ki, Ermənistan hakimiyyəti uzun müddətdir daxili siyasi və sosial problemlərlə üz-üzədir, hakimiyyətdən narazılıq getdikcə artır. Bu vəziyyətdə sərhəddə gərginlik yaradaraq “xarici düşmən təhlükəsi” fonunda cəmiyyəti konsolidasiya etmək Paşinyan hakimiyyəti üçün əlverişli görünə bilər. Digər tərəfdən Ermənistanın atəşkəsin pozulması ilə bağlı indiki təxribatları xarici müdaxilə nəticəsində də baş verə bilər. Belə ki, Azərbaycanla sülh sazişinə nail olunmasına qarşı çıxan xarici qüvvələr bundan vasitə kimi istifadə edə bilərlər.
Ermənistanın əsas hədəflərindən biri də Azərbaycanı hərbi gücdən istifadəyə təhrik etmək və bununla da beynəlxalq arenada “qurban” obrazı canlandırmaqdır. Bu kontekstdə Nikol Paşinyanın sülh sazişinin mətninin razılaşdırılması xəbərini qaçaraq Rusiya, İran və Fransa prezidentləri ilə bölüşməsi də maraq doğurur. Görünür, İrəvan hələ də Moskva ilə tam olaraq yolları ayırmaq istəmir. Ona görə də atəşkəsin pozulması və hərbi toqquşmaların təkrarlanması Ermənistanın Rusiyanın hərbi dəstəyini bərpa etməyə yönəlmiş bir oyunu ola bilər. Paralel olaraq, rəsmi İrəvan Qərbə də “Rusiyanın təsirindən çıxmaq üçün bizə daha çox dəstək verin” mesajı göndərir.
Azərbaycan indiyə qədər bu cür hallarda maksimum səbir nümayiş etdirib və beynəlxalq hüquq çərçivəsində diplomatik vasitələrlə problemi həll etməyə çalışıb. Lakin əgər Ermənistan bu təxribatları davam etdirərsə Azərbaycanın cavabı gecikməyəcək. Bakı əvvəllər də olduğu kimi, yenə də İrəvanın cavabını layiqincə verəcək. Azərbaycan heç bir halda Ermənistanın strateji təxribat siyasətinə uymayacaq, əksinə İrəvan qazdığı quyuya özü düşəcək. Çünki Azərbaycanın məqsədi bölgədə davamlı sülhü təmin etməkdir.
MTM Analitik Qrup