AZƏRBAYCAN TƏBİİ ARTIM ƏMSALI ÜZRƏ SON 5 İLİN HƏR BİRİNDƏ CƏNUBİ QAFQAZDA LİDER OLUB

Media Təhlil Mərkəzinin (MTM) hər üç Cənubi Qafqaz ölkəsinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, Azərbaycan həm son 5 ildə, həm də 2024-cü ildə yeni doğulan körpələrin sayına görə Cənubi Qafqazda böyük fərqlə lider olub. Lakin son 2 ildə Azərbaycanda yeni doğulan körpələrin sayında kəskin azalma qeydə alınıb.  Daha dəqiq desək, 2022-ci ildə yeni doğulanların sayı 122 846 idisə, 2023-cü ildə bu rəqəm 8,3% və ya 10 226 körpə azalaraq 112 620-yə, ötən il isə daha 9,2% və ya 10 310 körpə azalaraq 102 310-a enib. Bunu son 5 ilin ən aşağı göstəricisi hesab etmək olar.
Gürcüstanda yeni doğulan körpələrin sayında sürətli azalma 2020-2023-cü illərdə qeydə alınıb. Bu müddət ərzində hər keçən il yeni doğulan körpələrin sayı əvvəlki ilə nisbətən kəskin azalıb. Ən son statistik göstərici 2023-cü ilə məxsusdur və həmin il qonşu ölkədə 40 214 körpə dünyaya gəlib. Bu, 2022-ci il ilə müqayisədə 5% və ya 2 105 körpə az olub.
Son 5 ildə Ermənistanda yeni doğulan körpələrin illər üzrə sayında artım və azalma qeydə alınsa da, ümumilikdə həm Azərbaycan, həm də Gürcüstandan geri qalır. 2024-cü ildə Ermənistanda yeni doğulanların sayı əvvəlki ilə nisbətən 8% və ya 2 942 körpə azalaraq 33 648 olub.

Cənubi Qafqaz ölkələrində dünyasını dəyişən şəxslərin sayı ilə bağlı göstəricilərə diqqət etsək, hər üç ölkə üzrə ən yüksək sayda ölüm hallarının 2020 və 2021-ci illərdə qeydə alındığını görərik. Buna səbəb həmin illərdə bütün dünyada geniş yayılan “COVID-19” virusu olub. Koronavirus qurbanlarının sayı hər üç ölkə üzrə statistikaya nəzərəçarpacaq dərəcədə təsir edib.
Son 3 ildə Azərbaycanda ölüm hallarının sayı hər ötən il azalıb. Xüsusilə pandemiyadan sonrakı 2022-ci ildə dünyasını dəyişən şəxslərin sayı 20,9% və ya 16 068 nəfər azalaraq 60 810 nəfərə enib. Son rəqəmlərə görə, 2024-cü ildə ölkəmizdə dünyasını dəyişən şəxslərin sayı 58 909 nəfər olub ki, bu da əvvəlki il ilə müqayisədə 2,1% və ya 1 241 nəfər azdır.
Pandemiyadan sonrakı illərdə ölüm halları Gürcüstanda da hər il azalıb. 2023-cü ildə Gürcüstanda 42 756 ölüm halı qeydə alınıb ki, bu da 2022-ci il ilə müqayisədə 13% və ya 6 362 vahid azdır.
2021-2023-cü illərdə Ermənistanda ölənlərin sayı hər il azalsa da, 2024-cü ildə 5,2% və ya 1 263 nəfər artaraq 25 576 nəfərə yüksəlib.

Son 5 ildə Azərbaycan əhalinin təbii artımına görə Cənubi Qafqazda lider olub. Lakin yuxarıda da qeyd etdiyimiz kimi son 2 ildə yeni doğulan körpələrin sayının azalması təbii artımın azalmasına səbəb olub. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanda təbii artım 43 401-ə bərabər olub ki, bu da əvvəlki il ilə müqayisədə 17,3% və ya 9 069 vahid azdır.
Həm yeni doğulan körpələrin, həm də dünyasını dəyişən şəxslərin sayına görə Gürcüstan Ermənistanı qabaqlasa da, son 5 ildə təbii artım göstəricilərinə görə Ermənistan Gürcüstanı qabaqlayıb. Lakin, 2024-cü ildə Ermənistanda əhalinin təbii artımı 34,3% və ya 4 205 nəfər azalıb. Bu isə son 1 ildə Ermənistan əhalisinin sayının cəmi 8 072 nəfər artması deməkdir.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Ermənistan əhalisinin sayı 2019-cu il ilə müqayisədə 80 nəfər azalıb. Buna “COVID-19” pandemiyası ilə yanaşı, 44 günlük Vətən Müharibəsi də səbəb ola bilər.
2020-2023-cü illərdə Gürcüstanda hər il əhalinin sayı azalıb. Bu, qonşu ölkədə ölənlərin sayının yeni doğulanların sayından çox olduğunu göstərir. Son statistikaya görə, 2023-cü ildə Gürcüstan əhalisinin sayı 2 542 nəfər azalıb.

Azərbaycan son 5 ilin hər birində əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı üzrə Cənubi Qafqazda lider olub. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı ən az 2021-ci ildə (3,5), ən çox isə 2022-ci ildə (6,2) qeydə alınıb. 2024-cü ildə isə ölkədə təbii artım əmsalı 4,2-yə bərabər olub.
Ermənistanda 2024-cü ildə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 2,7 olub.
2020-2023-cü illərdə Gürcüstanda bu əmsal mənfi nəticə göstərib. 2024-cü ilin rəsmi rəqəmləri dərc olunmadığı üçün müqayisə 2023-cü il üzrə aparılıb və həmin il Gürcüstanda təbii artım əmsalı -0,7-yə bərabər olub.

Bölgələrimiz üzrə təbii artım əmsalına baxsaq, Yardımlı rayonunun bu siyahıya başçılıq etdiyini görərik. 2024-cü ildə Yardımlı rayonu üzrə əhalinin hər 1000 nəfərinə düşən təbii artım 11,6-ya bərabər olub. İkinci sırada Qobustan rayonu (10,8), üçüncü sırada Cəlilabad rayonu (9,6) qərarlaşıb. Paytaxtda isə təbii artım əmsalı 2,7 olub və bu göstərici ilə Bakı 66-cı sırada yer alıb.
Əhalisinin sayına görə ölkəmizin ən böyük üçüncü şəhəri olan Gəncə şəhəri bu göstərici üzrə bölgə sıralamasında son sırada qərarlaşıb. Gəncə əhalisinin hər min nəfərinə düşən təbii artım əmsalı 0,8-ə bərabər olub.