
Müdafiə Nazirliyi aprelin 30-dək müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sənəd qəbulu martın 18-dən aprelin 30-dək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin aprelin 1-dən 30-dək regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Namizədlərin qeyd edilən üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək. İlk dəfə tətbiq edilən bu yanaşma ölkə üzrə əhatəliliyin, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədinə yönəlib.
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.
Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim olunur.
Tələb olunan sənədlər:
– kursa qəbul olunmaq barədə ərizə;
– anket forması;
– tərcümeyi-hal (1 nüsxədə);
– təhsil haqqında sənədin surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
– əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
– şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
– sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
– rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm);
– hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);
– psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
– əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.
Xidmət müddətində
– kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;
– xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
– il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
– ailə üzvləri üçün güzəştli tibbi təminat;
– güzəştli ipoteka krediti;
– Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
– karyerada inkişaf.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Əlaqə məlumatları:
Telefon: – (012) 404-18-45
Çağrı mərkəzi: – *0811
E-poçt: admission@mmu.edu.az
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065