
Cənubi Qafqazın lider ölkəsi kimi regionun geosiyasi, geoiqtisadi mənzərəsini müəyyənləşdirən Azərbaycanın digər coğrafi məkanlarda da mövqeyi güclənməkdədir. Birmənalı həqiqətdir ki, Azərbaycan artıq türk dünyasında böyük nüfuza, təsir gücünə malikdir. Ölkəmizin Yaxın Şərqdə də iqtisadi, siyasi müstəvidə xüsusi çəkisi artır. Məsələn, faktdır ki, Azərbaycan Suriyada qardaş Türkiyə ilə birlikdə bu ölkənin uğurlu gələcəyinin qurulmasına daha böyük töhfələr vermək iqtidarındadır. Ölkəmiz Suriyada mövcud humanitar böhranın həlli istiqamətində artıq müvafiq addımlar atır, yardımlar göstərir. Bununla yanaşı, Azərbaycan Suriyada fəaliyyət miqyasını daha da genişləndirməyə hazırdır.
Fələstinin üzləşdiyi problemlərin həlli istiqamətində də Azərbaycanın genişmiqyaslı fəaliyyəti heç kimə sirr deyil. Ümumiyyətlə, Yaxın Şərqin də müsəlman ölkələri ilə Azərbaycanın sıx təmasları mövcuddur və bu hal sözügedən coğrafiyada Azərbaycanın nüfuz və mövqeyinə müsbət kontekstdə təsirsiz ötüşmür. Sözügedən regionun mühüm güc mərkəzlərindən biri hesab edilən İsraillə də Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. XII Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq xarici işlər naziri Tsipi Livni qeyd edir ki, indiki halda Azərbaycan Yaxın Şərqdə sülh təşəbbüslərində də aktiv rol oynaya bilər: “Mən Yaxın Şərq məsələsinin həlli üzrə danışıqların son iki raundunda iştirak etmişəm. Hesab edirəm ki, İsrail və Fələstin arasındakı münaqişənin nizamlanması hər iki tərəf üçün məqbul variantlar və qarşılıqlı anlaşma çərçivəsində həyata keçirilməlidir. Bu məsələnin tamamilə aradan qaldırılmasının yolu hər kəsə məlum olan iki dövlət prinsipindən keçir… İsrail, eləcə də Fələstinin praqmatik siyasi qüvvələri, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət bir güclü siyasi İttifaq yaradılmalıdır. Azərbaycan və Türkiyə bu təşəbbüslərdə aktiv rol oynaya bilər. Çünki bu ölkələr hər zaman İsraildə təhlükəsizliyi və sabitliyi dəstəkləyib, həm də onlarla bizim çox gözəl əlaqələrimiz var”.
Azərbaycan və İsrailin əlaqələrinin inkişafının yüksək səviyyəsini xarakterizə edən daha bir məsələ SOCAR-ın Aralıq dənizindəki İsrail yataqlarının işlənməsində əsas tərəfdaşlardan biri kimi seçilməsidir. Cari ilin yanvarında SOCAR Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan “Tamar” layihəsində 10 faiz pay almasına dair “Union Energy” şirkəti ilə müqavilə bağladığını bəyan edib. Bu günlərdə isə SOCAR və “Union Energy” şirkəti arasında İsrailin Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əvvəl isə 2023-cü ilin oktyabrında keçirilən tender nəticəsində SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərindən ibarət konsorsium İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında fəaliyyət üçün sözügedən ölkənin Energetika və İnfrastruktur Nazirliyindən lisenziya alıb. Layihənin operatoru kimi SOCAR seçilib. Artıq İsrail tərəfindən SOCAR, BP və “NewMed Energy” şirkətlərinə təbii qaz axtarışı aparmaq üçün lisenziyalar verilib. Lisenziya İsrailin enerji və infrastruktur naziri Eli Kohen tərəfindən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub. Məsələ ilə bağlı Eli Kohen bildirib ki, bu əməkdaşlıq ölkəsi üçün böyük önəmə malikdir: “Təbii qaz bütün dünyada, xüsusən də Yaxın Şərqdə iqtisadi və diplomatik mövqeyimizi gücləndirən strateji sərvətdir. Buna görə də biz təbii qaz hasilatını həm daxili bazar, həm də ixrac üçün genişləndirməyə çalışırıq, xüsusən də indiki dövrdə bu, olduqca önəmlidir”.
Yaradılan konsorsium nəhəng “Leviafan” yatağı yaxınlığında yerləşən “Klaster I” adlanan ərazidə fəaliyyət göstərəcək. Hər bir şirkət lisenziyalardakı hüquqların üçdə birinə sahibdir. “Klaster I” İsrailin iqtisadi sularının şimal hissəsində, Aralıq dənizində yerləşən 1700 kvadrat kilometrlik bir ərazini əhatə edir. Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilib. Bütün bunlar Azərbaycanın Yaxın Şərqdə iqtisadi fəaliyyətinin genişlənməkdə olduğunu göstərir. Ancaq təbii ki, iqtisadi fəaliyyətin genişlənməsi həm də Azərbaycanın siyasi cəhətdən regionda mövqelərinin daha da güclənməsinə xidmət edir.
Onu da xüsusi olaraq xatırlanmaq lazım gəlir ki, bu günlərdə 50-dən çox ABŞ ravvini “İbrahim sazişləri”nin genişləndirilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət ediblər. Müraciətdə vurğulanır ki, türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistan da bu razılaşmaya daxil edilməlidir. Diplomatik təcrübəyə malik onlarla ravvinin imzaladığı müraciətdə qeyd edilir ki, Donald Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmasını dəstəkləsə, bu, ABŞ üçün Yaxın Şərqdə böyük strateji əhəmiyyət kəsb edəcək, Azərbaycanla İsrail arasında müttəfiqliyi dərinləşdirəcək və regionda yeni siyasi reallıq yaradacaq. Bununla yanaşı, ravvinlər Azərbaycana qarşı tətbiqi davam edən Azadlığa Dəstək Aktına əlavə edilmiş 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyini də diqqətə çatdırıblar.
Qeyd olunmalıdır ki, “İbrahim sazişləri” İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirir. İsrail cəmiyyətində hesab olunur ki, prosesdə Azərbaycanın da yer alması uğurla nəticəyə daha tez nail olunmasına imkan verər. Burada Azərbaycanın ərəb ölkələri ilə yüksək münasibətləri nəzərə alınır. Bundan öncə İsraildə yerləşən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədim etdiyi analizdə də xüsusi olaraq vurğulanır ki, Azərbaycanın həm İsrail, həm də ABŞ üçün böyük önəmə sahib vacib tərəfdaş kimi çıxış edir. Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, siyasi şərhçi Reyçel Avraham da bildirir ki, Azərbaycanın müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biridir: “Heç bir ölkə İsrail və yəhudi xalqı ilə unikal tarixi əlaqələrə malik müsəlman ölkəsi Azərbaycan qədər uyğun deyil ki, “İbrahim sazişləri”ndən irəli gələn əməkdaşlığa qoşulsun və onun Yaxın Şərq, Afrika və Asiyanın digər müsəlman ölkələrinə yayılması üçün səyləri birləşdirsin. “İbrahim sazişləri” genişləndikcə Azərbaycan İsrailə adıçəkilən bölgələrdəki müxtəlif oyunçularla əməkdaşlığı necə istiqamətləndirmək barədə məsləhətlər verə bilər. Unutmaq olmaz ki, Azərbaycan diplomatik baxımdan mürəkkəb dövrlərdə belə həmişə İsrailə loyal münasibət sərgiləyib”.
Qeyd edilənlər fonunda Azərbaycanın Yaxın Şərqdə cərəyan edən proseslərlə bağlı daha aktiv mövqe sərgiləməsinin əslində, regionda yer alan ölkələrin özünün də maraq və istəyinə cavab verdiyini söyləmək olar. Bu mənada qarşıdakı dövr ərzində Azərbaycanın burada mövqelərinin daha güclü hala gələcəyi, əməkdaşlıq münasibətlərinin dərinləşməkdə davam edəcəyi tamamilə gözləniləndir.