AZƏRBAYCAN QLOBAL PROBLEMLƏRİN MÜZAKİRƏSİ SƏMƏRƏLİ PLATFORMA MÜƏYYƏNLƏŞDİRİB

Azərbaycan son illərdə irəli sürdüyü layihə və təşəbbüslərlə konstruktiv müzakirələr üçün əlverişli platforma formalaşdırmağa nail olub. Respublikamızın təşəbbüsü ilə hələ ilk dəfə 2008-ci ildə qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi”ndə İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar, mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü dəstəklənib. Bununla da respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb.

Martın 13-dən 15-dək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun nəticələri də hazırda dünyanın xüsusi diqqət mərkəzindədir. Tədbirin gedişi və yekun nəticələri fonunda demək olar ki, Azərbaycan dünya miqyaslı mötəbər tədbirlərə yüksək səviyyəli təşkilatçılığı reallaşdırmaqla yanaşı, eyni zamanda, yeni yanaşma və trendləri təqdim edir. Şübhəsiz, bu cür forumların və digər tədbirlərin keçiriləcəyi məkan seçilərkən, respublikamızın mötəbər tədbirlərə ev sahibliyi etmək üçün zəruri ictimai-siyasi sabitliyə, maliyyə resurslarına, müasir şəhər infrastrukturuna, füsunkar təbiətə və turizm imkanlarına malik olması, habelə beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğurlu təcrübəsi nəzərə alınır.

2013-cü ildən bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzu, qlobal problemlərin həllində fəallığı və təşəbbüskarlığı, mədəniyyətləarası dialoq prosesindəki rolu ilə şərtlənir. Respublikamızda tarixən müxtəlif etnosların dinc yanaşı yaşamaları, cəmiyyətin yüksək tolerantlıq səviyyəsi, xalqımızın qonaqpərvərliyi, zəngin mədəni irsə malik olması, iqlim dəyişmələrinə həssas yanaşması kimi amillər bu baxımdan xüsusi vurğulana bilər. Beynəlxalq forumlar, konfranslar vasitəsilə dialoq mühitinin yaradılması, nəzəri-praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri intellektual müzakirələr məkanına çevrilib.

Bakı şəhərinin Avropa və dünya miqyaslı siyasi, iqtisadi, humanitar və idman tədbirlərinə ev sahibliyi etməsi bir sıra amillərlə yanaşı, həm də respublikamızın Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynaması ilə bağlıdır. Respublikamız bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir – regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşdirilə bilmir. Məhz buna görə də regionla əməkdaşlığa maraq göstərən dövlətlər, ilk növbədə, Azərbaycanla münasibətlərinin normal məcrada inkişafına çalışırlar. Forumda 400-ə yaxın iştirakçının, o cümlədən azı 50 fəaliyyətdə olan və ya sabiq prezidentin, baş nazirlərin, parlamentarilərin, həmçinin beynəlxalq strukturların rəhbərlərinin, nüfuzlu alimlərin, ekspertlərin iştirakı bu marağın əyani göstəricisidir.

Forumla əlaqədar Avropanın bir sıra ölkələrin başçılarının, nazirlərinin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşləri də Azərbaycanla əməkdaşlığa olan marağın təzahürüdür. Ölkəmizlə Avropa İttifaqının 9 üzvü arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin mövcudluğunu, habelə Azərbaycanın ticarət dövriyyəsinin təxminən 40 faizinin Avropa İttifaqının payına düşdüyünü də xüsusi vurğulamaq lazımdır. Azərbaycan qazına çıxışı olan  12 ölkədən 10-u hazırda Avropada yerləşir və həmin ölkələrə qaz təchizatının 2027-ci ilədək iki dəfə artırılması nəzərdə tutulur. Bu, Avropa Komissiyası ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış bəyannamədə də əksini tapıb. Qeyd edilənlər deməyə əsas verir ki, respublikamız hələ onilliklər ərzində Avropanın neft və qaz təchizatçılarından biri olaraq qalacaq.

XII Bakı Forumu çərçivəsində təşkil edilən “Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası”, “Yeni Dünya üçün Yeni Texnologiyalar”, “Gender-Təhlükəsizlik – İqlim Bağlantısı”, “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr”, “Gənclər danışsın, biz dinləyək” adlı panel iclasları da yeni dünya nizamının bir sıra aktual məsələlərinin, habelə sülh, təhlükəsizlik və mədəniyyət diplomatiyası məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Çağdaş dünyanın üzləşdiyi lokal və qlobal xarakterli problemlərin müzakirə olunması, çıxış yollarının axtarılması forumun əhəmiyyətini şərtləndirən əsas amillərdəndir. Milli və dini zəmində qarşıdurmaların, ksenofobiya, islamafobiya kimi neqativ təzahürlərin gücləndiyi hazırki şəraitdə dünya ölkələrinin qlobal problemlərinin həllinə cəlb olunmaları, bu məqsədlə birgə layihələr həyata keçirmələri, yeni öhdəliklər götürmələri, geniş iqtisadi, mədəni və humanitar əlaqələr qurmaları obyektiv zərurətdir.

Forum çərçivəsində xüsusi vurğulanıb ki, Azərbaycan Ermənistanla münaqişə səhifəsini qapadacaq, etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq sülh sazişinin imzalanmasında maraqlıdır. Bu baxımdan bölgə üçün əhəmiyyətli məsələlərin yekun sazişdə birmənalı əks olunması, regional əməkdaşlığın dəqiq konturlarının müəyyənləşdirilməsi son dərəcə vacibdir. Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunlaşmasına, etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi problem Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların mövcudluğudur. Bu dəyişikliklərin edilmədiyi müddətdə Ermənistanın ölkəmizin ərazi bötüvlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatları rəsmi Bakı tərəfindən siyasi manipulyasi kimi dəyərləndiriləcək.

Ümumiyyətlə, Bakıda keçirilən forumlar kifayət qədər işgüzar atmosferdə keçməklə, qlobal problemlərin diqqətdə saxlanması, dünya dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi, iri şirkətlər arasında əlaqələrin formalaşdırılması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açır.

XII Qlobal Bakı Forumunun yekunları təsdiqləyir ki, Azərbaycanın geosiyasi əhəmiyyəti, zəngin karbohidrogen ehtiyatları, müstəqil xarici siyasəti, çoxmədəniyyətliliyi özündə əks etdirməsi, Avropa dəyərlərinə bağlılığı ölkəmizi yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənləşdiyi mərkəzə çevirib.

MTM Analitik Qrup