AZƏRBAYCANDAN ALMANİYAYA 21 835 090 DOLLAR DƏYƏRİNDƏ MEYVƏ-TƏRƏVƏZ İXRAC OLUNUB

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son 5 ildə meyvə-tərəvəz ixracı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il ölkəmizdən 725 902 080 ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.

2024-cü ildə isə ölkəmizdən 707 795 060 ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edilib ki, bu göstərici 2023-cü ilin ixrac həcmi ilə müqayisədə 2,49% və ya 18 107 020 dollar az olsa da, ondan əvvəlki üç ilin göstəricilərindən yüksək olub.

2024-cü ildə meyvə-tərəvəz məhsullarının ixrac həcmi qeyri neft-qaz məhsullarının ixracının 21,09%-ni, ölkənin ümumi ixracının isə 2,6%-ni təşkil edib.

Rəsmi rəqəmlərə əsasən, son 5 ilin statistikası göstərir ki, meyvə-tərəvəz məhsullarının xüsusi çəkisi qeyri neft-qaz məhsullarının ümumi ixracında davamlı olaraq azalır. Lakin bu azalma meyvə-tərəvəz ixracının azalması ilə deyil, digər qeyri neft-qaz məhsullarının ixracının artması ilə bağlıdır. Bu da onu göstərir ki, Azərbaycan qeyri-neft sektorunda siyasətini uğurla həyata keçirir və ixrac olunan məhsul kateqoriyalarını genişləndirir.

Məlumat üçün bildirək ki, meyvə-tərəvəz məhsullarının ümumi ixracdakı payı 2022-ci ilə qədər azalsa da, 2023 və 2024-cü illərdə yenidən artıb.

2024-cü ildə ölkəmizdən ən çox ixrac edilən meyvə-tərəvəz məhsulu pomidor (tomat) olub. İl ərzində xarici bazarlara 175 430 420 ABŞ dolları dəyərində pomidor ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 24,79%-ni təşkil edib. Bu göstərici pomidorun Azərbaycanın kənd təsərrüfatı ixracında mühüm yer tutduğunu və xarici bazarlarda Azərbaycan pomidoruna yüksək tələbatın olduğunu göstərir.

Pomidordan sonra ölkəmizdən ən çox ixrac edilən ikinci meyvə-tərəvəz məhsulu qabığı təmizlənmiş meşə fındığıdır. 2024-cü ildə xarici bazarlara 126 684 280 ABŞ dolları dəyərində fındıq ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 17,9%-ni təşkil edib.

İlk üçlüyü xurma tamamlayır. 2024-cü ildə ölkəmizdən 113 664 360 ABŞ dolları dəyərində xurma ixrac edilib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 16,06%-ni təşkil edib.

Azərbaycanın meyvə-tərəvəz məhsullarının ən çox ixrac olunduğu ölkə şimal qonşumuz Rusiya Federasiyasıdır ki, bunun bir neçə səbəbi var:

*Coğrafi yaxınlıq – məhsulların daha sürətli və az xərc ilə ixracına imkan yaradır.

*Azərbaycan məhsullarına olan yüksək tələbat – xüsusilə pomidor, xurma və fındıq kimi məhsullar Rusiya bazarında geniş yayılıb və keyfiyyəti ilə seçilir.

*İkitərəfli iqtisadi və gömrük münasibətləri – Azərbaycan və Rusiya arasında ixrac prosesini asanlaşdıran gömrük razılaşmaları.

Yuxarıda sadalanan səbəblər nəticəsində 2024-cü ildə ümumi meyvə-tərəvəz ixracının 84,14%-i məhz Rusiyaya yönəldilib ki, bu da 595 536 980 ABŞ dolları həcmində məhsul deməkdir.

İxracın qalan 15,86%-i və ya 112 258 080 dollar həcmində məhsul başda Almaniya olmaqla digər ölkələrə yönəldilib. Daha dəqiq desək, il ərzində Almaniyaya 21 835 090 dollar dəyərində meyvə-tərəvəz ixrac olunub. Bu, Azərbaycanın Avropa bazarına daxil olması və bu bazarda daha da möhkəmlənməsi baxımından mühüm addımdır.

2024-cü ildə müharibə şəraitində olan Ukraynaya 18 030 410 dollar dəyərində meyvə-tərəvəz ixrac edilib. Hər nə qədər müharibə şəraiti çətinliklər yaratsa da, Azərbaycanın Ukrayna ilə ticarət əlaqələri davam edir və bu Azərbaycanın etibarlı bir ticarət tərəfdaşı olmasını bütün dünyaya nümayiş etdirir.

Hesabat dövründə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliyaya isə 14 269 380 dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə ixrac olunan pomidorun 96,18%-i Rusiyaya göndərilib və bu ixracın həcmi 168 736 170 ABŞ dolları təşkil edib.

İkinci ən çox ixrac edilən məhsul olan qabığı təmizlənmiş meşə fındığının 54,71%-i ($69 314 190) Rusiyaya, 16,98%-i ($21 513 010) Almaniyaya, 11,23%-i ($14 227 260) İtaliyaya ixrac olunub. İxrac olunan fındığın qalan 17,08%-i  ($21 629 820) isə digər ölkələrə göndərilib.

Üçüncü ən çox ixrac olunan məhsul olan xurmanın da böyük hissəsi (84,67%) Rusiyaya satılıb. Bu ixracın həcmi 96 238 520 dollar təşkil edib. İxrac olunan xurmanın qalan 11,39%-i ($12 945 210) Ukraynaya, 3,94%-i ($ 4 480 630) isə digər ölkələrə göndərilib.