“TÜRKİYE” QƏZETİ: ERMƏNİ İŞĞALI AZƏRBAYCANA CİDDİ ZİYAN VURUB

Qardaş ölkənin nüfuzlu “Türkiye” qəzeti onilliklər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistanın ölkəmizə vurduğu ziyanın miqyasını öz oxuculara çatdırıb.

“Qarabağın acı həqiqəti: Ermənistanın təcavüzkar siyasəti Azərbaycanın iqtisadiyyatına və infrastrukturuna ciddi zərbə vurdu” sərlövhəli məqalədə İrəvanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəymiş ziyan barədə məlumatlar verilir.

Qəzet yazır ki, işğalçıların əməlləri nəticəsində ölkəmizin iqtisadiyyatına, o cümlədən Azərbaycanın infrastrukturuna dəymiş maddi ziyanın ümumi məbləği 100 milyard manatı ötüb.

Qeyd olunur ki, 1988-ci ildən 2024-cü ilə qədər olan dövrdə erməni işğalçılarının əməlləri nəticəsində 18 850 Azərbaycan sakini həlak olub, 56 238 nəfər yaralanıb.

Məqalədə diqqət Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 3983 Azərbaycan vətəndaşı haqqında Ermənistanın məlumat vermək istəmədiyi faktına çəkilib.

Qəzet Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının respublikanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqlarda aşkar edilmiş 187 nəfərin qalıqlarının eksqumasiyası ilə bağlı məlumatlarını da təqdim edir.

“Türkiye” qəzeti daha sonra yazır: “Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, tapılan qalıqlar arasından Birinci Qarabağ müharibəsində itkin düşmüş 165 nəfərin şəxsiyyəti müəyyən edilib.

Bundan başqa, qəzet Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə davam edən təxribatları mövzusunda məqalələr də hazırlayıb.