
Beynəlxalq miqyaslı tədbirlər müasir dövrdə hər bir ölkənin dünyada daha geniş prizmadan tanınmasında, təbliğ edilməsində böyük önəm kəsb edir. Lakin təhlükəsizlik, infrastruktur və bu qəbildən olan digər halların ön plana çıxması şəraitində heç də hər ölkə beynəlxalq tədbirlərə ev sahibliyi edə bilmir. Bunun üçün ölkənin müəyyən standartlara, o cümlədən yüksək təşkilatçılıq bacarığına malik olması, sabitlik, tolerantlıq və inkişaf məkanı kimi tanınması, digər bu kimi tələblərə də cavab verməsi zəruri şərtdir.
Qeyd edilən kontekstdə artıq dünyanın bəlli ölkələri beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir və qürurverici haldır ki, onların sırasında Azərbaycan da yer alır. Cənubi Qafqazın lider dövləti kimi artıq dünya miqyasında uğur nümunəsinə çevrilən Azərbaycanı dünyada xarakterizə edən əsas cəhətlərdən biri beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi, bu müstəvidə özünəməxsus uğurlu nümunələri ərsəyə gətirməsidir.
İndi dünya miqyasında da qəbul edilir ki, Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayı XII Qlobal Bakı Forumu bunun daha bir nümunəsidir. Mühüm beynəlxalq tədbir olmaqla yanaşı, Qlobal Bakı forumları iştirakçıları və müzakirə edilən məsələlər baxımından artıq dünyada böyük maraqla izlənir, diqqət mərkəzində olur. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu da bu mənada istisnalıq təşkil etmir. Tədbirin açılış mərasimində çıxışı zamanı bu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib… Həmişə olduğu kimi, əminəm ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəklər”.
Budəfəki Forumda 400-dən çox iştirakçı, o cümlədən hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Forum çərçivəsində geosiyasi dəyişikliklər, çoxqütblü dünyada multilateralizmin yenidən düşünülməsi, BMT-nin Gələcək Paktı və qlobal sülhə töhfəsi, yeni dünya nizamında orta güclərin rolu, regional sabitlik və yenidənqurma kimi siyasi məsələlər müzakirə edilir. Artıq sayca 12-ci dəfə keçirilən foruma qatılanların sayının hər il artması da bu tədbirlərə yüksək beynəlxalq marağın faktiki göstəricisidir. Qeyd etmək lazımdır ki, sözügedən forumların təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis olunub. Fəaliyyəti dövrü ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran, çözüm variantları təklif edən nüfuzlu beynəlxalq təsisatlardan birinə çevrilib.
Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ilk Qlobal Bakı Forumu 2013-cü ildə keçirilib və həmin ildən etibarən mütəmadi xarakter alıb. Sözügedən forumlarda dünya üçün xüsusi aktuallıq kəsb edən ən müxtəlif məsələlər, o cümlədən dünya təhlükəsizlik mühitində baş verən hadisələr, müharibələr, digər münaqişə ocaqları, dinlərarası, mədəniyyətlərarası dialoq, digər qlobal xarakterli problemlər geniş müzakirə edilir, onların həlli yollarına dair təkliflər irəli sürülür. O da xüsusi vurğulanmalıdır ki, Qlobal Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi nüfuzlu bir tədbir olaraq dünyada qəbul olunur. Amma bir nüas da var ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə etdiyi halda Qlobal Bakı Forumu universal xarakterə malikdir. Çünki o, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir, qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi müstəsna önəm daşıyır.
Bütün bunlar onun təsdiqidir ki, Azərbaycan artıq qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı Qlobal Bakı forumlarının əhəmiyyətini nümayiş etdirir. Sözügedən forumlar isə qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından artıq aparıcı platformalardan biri kimi çıxış edir. Albaniya Prezidenti Bayram Beqay bu xüsusda bildirir: “Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir. Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır… Bu foruma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platforma olduğuna görə təşəkkür edirəm”.
Beləliklə, Qlobal Bakı Forumlarının dünya miqyasında oynadığı rol artıq bir çox iştirakçılar tərəfindən də xüsusi olaraq vurğulanır. Birmənalı rəy bundan ibarətdir ki, dünyanı düşündürən beynəlxalq xarakterli məsələlərin müzakirəsi baxımından Qlobal Bakı forumları bundan sonra da mühüm platforma kimi xüsusi diqqət mərkəzində olacaq.
MTM Analitik Qrup