
Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-ın İranla münasibətləri gərginlik və qarşılıqlı ittihamlar şəraitində keçdi. 2018-ci ildə ABŞ-ın İranla nüvə sazişindən (JCPOA) çıxmasından sonra sanksiyalar daha da sərtləşdi və iki ölkə arasındakı diplomatik əlaqələr iflic vəziyyətinə düşdü. Lakin hazırda Tramp administrasiyası İranın tamamilə Çin və Rusiyanın təsir dairəsinə keçməsinin qarşısını almaq üçün müəyyən məqamda Tehranla məhdud əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu çərçivədə Trampın İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyə göndərdiyi məktub və İranın bu əməkdaşlıqdan açıq şəkildə imtina etməsi bölgədə və qlobal güc balansında mühüm nəticələrə yol aça bilər.
Qeyd edək ki, Donald Trampın İranın ali dini rəhbərinə məktub göndərməsi ABŞ-nin bir neçə əsas strateji hədəfindən qaynaqlanır. Bu sırada Çinlə mübarizədə İranı neytrallaşdırmaq cəhdi ilk yerdə dayanır. ABŞ üçün Çinlə geosiyasi rəqabətdə enerji mənbələrinə çıxış və Mərkəzi Asiyada təsir dairəsini genişləndirmək mühüm əhəmiyyət kəsb edir. İran isə Çin üçün əsas enerji təchizatçılarından biridir və Pekin-Tehran əlaqələri 25 illik strateji əməkdaşlıq sazişi ilə güclənib. Tramp administrasiyası İranın tamamilə Çinin orbitinə keçməsinin qarşısını almaq üçün ona müəyyən güzəştlər etmək istəyir.
İkinci sırada Rusiya-İran əlaqələrini zəiflətmək dayanır. Belə ki, Rusiya ilə İran Suriya müharibəsində və digər regional məsələlərdə müttəfiq kimi çıxış edirdi. Lakin ABŞ-nin sanksiyalarla İranı iqtisadi cəhətdən zəiflətməsi, eyni zamanda, Tehranı Moskvanın iqtisadi və hərbi asılılığından çıxarmaq üçün bir vasitə ola bilərdi. Tramp müəyyən diplomatik manevrlərlə İranı Rusiyadan ayırmağa cəhd edir. Digər əsas məsələlərdən biri də İranın nüvə və raket proqramını məhdudlaşdırmaqdan ibarətdir. Belə ki, Tramp administrasiyası İranın nüvə proqramını ciddi təhlükə kimi görür. Diplomatik əlaqələrin tamamilə kəsilməsi isə bu proqramın nəzarətsiz şəkildə inkişafına yol açır.
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyinin Trampın təklifini cavabsız qoyması və ABŞ ilə heç bir danışığa və əməkdaşlığa gedilməyəcəyini bildirməsi siyasi və ideoloji ziddiyyətlərin hələ də mövcud şəraitdə əsas rol oynadığını göstərir. İran ABŞ-ni “böyük şeytan” kimi görür və hesab edir ki, Vaşinqtonla hər hansı əməkdaşlıq daxili legitimliyə ciddi zərbə vurar. Xamenei və onun tərəfdarları üçün Trampın məktubu bir diplomatik fürsətdən çox, təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. İkincisi, İran artıq Çin və Rusiya ilə dərin iqtisadi və hərbi əlaqələr qurub. Pekin və Moskva ABŞ-nin təklif edəcəyi hər hansı güzəştləri tarazlaşdırmaq üçün İranla daha sərfəli sazişlər bağlaya bilər. Digər tərəfdən, Tramp administrasiyasının nüvə sazişindən birtərəfli qaydada çıxması İranın ABŞ ilə yeni diplomatik təşəbbüslərə etibar etməsinə mane olur. Tehran rəhbərliyi belə bir məktubun səmimi dialoq üçün deyil, yeni bir aldatma oyunu üçün göndərildiyini düşünür. Bununla belə, Trampın məktubuna rədd cavabı verən İran müəyyən risklərlə üz-üzə qala bilər. Birincisi, İran ABŞ-nin əməkdaşlıq təklifini rədd etdikdən sonra Tramp administrasiyası daha sərt iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu isə ölkə iqtisadiyyatını daha da çökdürər. İkincisi, ABŞ ilə əlaqələri tamamilə bağlayan İran alternativ olaraq, daha çox Çin və Rusiyaya möhtac qalar ki, bu da Tehranın müstəqil siyasət yürütmək imkanlarını azaldar. Üçüncüsü, diplomatik yollar bağlanandan sonra ABŞ-nin İranla bağlı daha aqressiv yanaşmalara keçməsi ehtimalı artar. Nəticədə İranla ABŞ arasında regional münaqişələrin qızışması təhlükəsi yaranar.
MTM Analitik Qrup