
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana son səfəri təkcə diplomatik münasibətlərin inkişafı ilə məhdudlaşmır, bu səfər eyni zamanda regionda hərbi-siyasi balansın dəyişdirilməsi cəhdinin tərkib hissəsidir. Xüsusilə Hindistanın Ermənistana hərbi texnika və silah tədarükü Cənubi Qafqazda mövcud olan sülhə və təhlükəsizliyə birbaşa təhdid yaradır. Onsuz da son illərdə Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq xeyli intensivləşib. Xüsusilə 2020-ci ildə baş vermiş ikinci Qarabağ müharibəsindən sonra Ermənistan hərbi məğlubiyyətini kompensasiya etmək üçün yeni müttəfiqlər axtarmağa başlayıb. Bu kontekstdə Hindistan Ermənistan üçün əsas silah tədarükçülərindən birinə çevrilib. Hindistanın Ermənistana satdığı silahlar arasında Pinaka raket sistemləri, Smerç reaktiv yaylım atəşi sistemləri, radar və müşahidə sistemləri xüsusi yer tutur. Bu silahlar Ermənistanın hərbi potensialını gücləndirmək məqsədilə alınır və regionda yeni eskalasiyalara səbəb ola biləcək təhlükə yaradır. Bundan əlavə, Hindistan və Ermənistan arasında hərbi təlimlər və strateji əməkdaşlıq məsələləri də gündəmə gəlib. Ermənistanın Hindistanın müdafiə sənayesinə yönəlməsi, onun Qərb ölkələri və Rusiyadan asılılığını azaltmağa çalışdığını göstərir.
2020-ci ildəki müharibədən sonra Ermənistanın yeni silahlar əldə etmək axtarışına çıxması, bununla da itirilmiş gücünü bərpa etməyə çalışması bölgədə eskolasiya risqinin hələ də qaldığını göstərir. Xüsusilə də Ermənistanın Hindistandan aldığı silahları Azərbaycanla sərhəd bölgələrdə yerləşdirməsi vəziyyətin yenidən gərginləşməsi üçün ciddi səbəbdir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və postmüharibə dövründə iqtisadi inkişaf layihələrinə yönəlməsi fonunda Ermənistanın yenidən silahlanması onun sülh prosesinə sadiqliyini sual altına alır.
Hindistan-Ermənistan hərbi əməkdaşlığı təkcə bu iki ölkə arasında ikitərəfli münasibətlərə təsir etmir, həm də üçüncü qüvvələrin Cənubi Qafqaz siyasətinə müdaxilə etməsi üçün zərurət yaradır. Hindistanın Ermənistanla hərbi əlaqələr qurması Azərbaycanın strateji tərəfdaşları olan Pakistan və Türkiyənin narahatlığına səbəb olur. Xüsusilə Pakistanın Hindistan-Ermənistan hərbi əməkdaşlığına qarşı sərt mövqeyi məlumdur. Belə olan halda, bu əməkdaşlıq Cənubi Qafqazdakı balansı dəyişdirmək cəhdinə çevrilir və digər güclərin də müdaxiləsinə zərurət yaradır.
Hindistanın Ermənistanı silahlandırması rəsmi Dehlinin beynəlxalq münasibətlərdə ikili standartlar nümayiş etdirdiyini açıq şəkildə göstərir. Hindistan özünü qlobal sülh və sabitliyin tərəfdarı kimi təqdim etsə də, Ermənistan kimi müharibə tarixi olan və qonşularına qarşı ərazi iddiaları irəli sürən bir ölkəyə silah satışı ilə əsl niyyətini ifşa edir. Maraqlıdır ki, Hindistan öz növbəsində Pakistanla münaqişədə beynəlxalq ictimaiyyətin müdaxiləsini istəmir, lakin Ermənistanın Azərbaycanla olan münaqişəsində bir tərəf kimi çıxış edir. Bu isə Hindistanın beynəlxalq siyasətinin qeyri-obyektiv və tərəfli olduğunu sübut edir.
Çox güman ki, Hindistan-Ermənistan hərbi əməkdaşlığı Türkiyə və Azərbaycanın regional siyasətinə də təsirsiz ötüşməyəcək. Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi və Türkiyə ilə hərbi əməkdaşlığın daha da genişləndirilməsi diqqət mərkəzində olacaq. Türkiyənin Azərbaycana verdiyi hərbi dəstək və Pakistanla strateji tərəfdaşlıq Hindistan-Ermənistan cütlüyünün yaratdığı potensial təhlükəyə qarşı tarazlıq rolunu oynayacaq.
MTM Analitik Qrup