AZƏRBAYCANDA FƏRDİ SAHİBKARLAR ARASINDA QADINLARIN SAYI ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, son bir il ərzində ölkə üzrə qadınların sayı 0,43% (22 147 nəfər) artaraq 2025-ci il yanvarın 1-də 5 132 894 nəfərə çatıb. Bu da ümumi əhalinin 50,2%-ni təşkil edir ki, son üç il ərzində bu göstərici sabit qalıb.

Ümumilikdə, son beş il ərzində ölkəmizdə qadınların sayı hər il əvvəlki ilə nisbətən artıb. Beş il öncə ilə müqayisədə bu artım 1,45% və ya 73 208 nəfər təşkil edib. Bu göstərici ölkə əhalisinin demoqrafik dinamikasında qadınların sayının sabit şəkildə yüksəldiyini göstərir.

2025-ci il yanvarın 1-nə olan rəsmi məlumatlara əsasən, ölkəmizdə məşğul əhalinin 48%-ni qadınlar təşkil edir və bu göstərici son bir il ərzində 0,1% artıb. Bu, qadınların sosial-iqtisadi həyatda fəal iştirak etdiyinin mühüm göstəricisidir.  

2025-ci il yanvarın 1-nə olan göstəriciləri qadınların dövlət qulluqçularının payında ən yüksək nəticəsi hesab etmək olar. Daha dəqiq desək 2024-cü ilin əvvəlində bu göstərici 29,4%-idisə, 2025-ci ilin əvvəlində ölkədəki dövlət qulluqçularının 29,7%-ni qadınlar təşkil edib.

Son 5 ildə fərdi sahibkarlar arasında da qadınların sayı ən yüksək göstəriciyə çatıb. 2025-ci ilin əvvəlinə olan göstəricilərə görə ölkəmizdə fəaliyyət göstərən fərdi sahibkarların 23,3%-ni qadınlar təşkil edir. Bu göstərici ötən il 22,7%-ə, 5 il öncə isə 21,3%-ə bərabər olub.  Bu, qadınların sahibkarlıq fəaliyyətinə marağının artdığını və onların biznes mühitində daha fəal iştirak etdiyini göstərir.

Son illərdə qadın sürücülərin sayının artması da maraqlı tendensiyalardan biridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə sürücülük vəsiqəsi alan şəxslərin 15,9%-ni qadınlar təşkil edib. Bu göstərici 2023-cü ildə 12%-ə bərabər olub. Son beş ilin statistikası qadınların avtomobilə olan marağının davamlı şəkildə yüksəldiyini göstərir.

Əlavə məlumat üçün bildirək ki, 2008-ci ildə sürücülük vəsiqəsi alanların cəmi 4,6%-ni qadınlar təşkil edib.

Son iki ildə yeni doğulan körpələrin sayında azalma müşahidə olunduğu üçün, onlar arasında qızların sayında azalma qeydə alınıb. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə dünyaya gələn 102 310 körpənin 48 086-sı və ya 47%-i qız uşaqları olub və əvvəlki ilə nisbətən 8,96% (4 733 körpə) azalıb. 2023-cü ildə yeni doğulan qızların sayı da 2022-ci ilə nisbətən 8,71% azalmışdı.

Qeyd edək ki, son 5 ilin hər birində yeni doğulan körpələr arasında qız uşaqlarının payı 47,1%-dən az olub.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlər əsasında aparılan təhlilə əsasən, ən yaxşı göstərici Azərbaycanda qeydə alınıb. Azərbaycanda qadınlar ümumi əhalinin 50,2%-ni, Ermənistanda 53,5%-ni, Gürcüstanda isə 52%-ni təşkil edir.

Məlumat üçün bildirək ki,  50%-ə yaxın göstərici ən yaxşı nəticə sayıldığı və bu rəqəm ölkəmizdə qeydə alındığı üçün Azərbaycan digər iki Cənubi Qafqaz ölkəsindən müsbət mənada seçilə bilib.

Qeyd edək ki, yeni doğulan körpələrin gender bölgüsündə qız uşaqlarının payı hər üç ölkədə 47-48% arasında olub.