Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayət hadisələrinin sayı əvvəlki ilin göstəricilərinə nisbətən 9,3% və ya 3 432 hadisə azalaraq 33 379-a enib. Aparılan təhlil zamanı məlum olub ki, son beş ildə ən az cinayət hadisəsi 2020-ci ildə (26 004) qeydə alınıb. Həmin il dünyada və Azərbaycanda davam edən COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan sərt məhdudiyyətlər cinayət hadisələrinin sayının azalmasına da səbəb olub.

Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ildə qeydə alınan 33 379 cinayət hadisəsinin 59,42%-ni “az ağır” dərəcəli cinayətlər təşkil edib. Cinayətlərin struktur təhlilindən aydın olur ki, “böyük ictimai təhlükə törətməyən” cinayətlər ən yüngül hal sayılır və ötən il belə hadisələr ümumi cinayətlərin 26,41%-ni təşkil edib. 2024-cü ildə baş verən cinayətlərin 12,29%-i “ağır” dərəcəli cinayətlər olub. Ən ağır hüquq pozuntusu sayılan və daha ciddi cəza tədbirləri nəzərdə tutulan “xüsusilə ağır” cinayətlərin payı isə ümumi statistikanın 1,88%-ni təşkil edib.

Ağırlıq dərəcələrinə görə cinayət hadisələrinin son 5 ildə dəyişiminə baxsaq, onların sayının stabil qalmadığını görərik. Ötən il cinayət hadisələrinin bütün dərəcələri üzrə qeydə alınan rəqəmlər 2023-cü ilin göstəriciləri ilə müqayisədə azalsa da, “xüsusilə ağır” dərəcəli cinayət hadisələrinin sayında artım müşahidə olunub. Daha dəqiq desək, 2024-cü ildə 626 “xüsusilə ağır” dərəcəli cinayət hadisəsi baş verib ki, bu da əvvəlki ilə nisbətən 51,9% və ya 214 cinayət çox deməkdir.
Son bir ildə sayı ən çox azalan cinayətlər “ağır” dərəcəli cinayət hadisələri olub. 2024-cü ildə “ağır” dərəcəli cinayət hadisələrinin sayı 2023-cü ilin göstəriciləri ilə müqayisədə 22,8% və ya 1 213 cinayət azalaraq 4 101-ə bərabər olub. Bundan başqa, son 1 ildə digər iki dərəcə üzrə baş vermiş cinayət hadisələrinin sayında da azalma müşahidə olunub.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarından əldə edilən məlumatlara əsasən, 2024-cü ildə regionun hər üç ölkəsində cinayət hadisələrinin sayında azalma müşahidə olunsa da, faiz nisbəti ilə ən çox azalma Azərbaycanda qeydə alınıb. Azərbaycan həm ərazi, həm də əhali sayı baxımından regionun ən böyük ölkəsi olsa da, ölkəmizdə qeydə alınan cinayət hadisələrinin sayı digər iki ölkə (Gürcüstan və Ermənistan) ilə müqayisədə daha aşağıdır.
Ətraflı məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda cinayət hadisələrinin sayı 2023-cü ilin göstəricilərinə nisbətən 9,3%, Gürcüstanda 7,8%, Ermənistanda isə 1,1% azalıb.
Qeyd edək ki, ötən il Gürcüstanda cinayət hadisələrinin sayında azalma qeydə alınsa da, Cənubi Qafqaz regionunda ən çox cinayət hadisəsi məhz Gürcüstanda baş verir.
