
Azərbaycan və Türkiyə Prezidentlərinin dünən Ankarada verdikləri bəyanatlar bir daha yeni regional və qlobal reallıqlar fonunda ölkələrimizin malik olduğu potensial və güc haqqında təsəvvür yaratdı. İllərdir “bir millət, iki dövlət” prinsipi ilə siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə sıx əməkdaşlıq quran Türkiyə və Azərbaycan münasibətləri xüsusilə 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. Çünki bölgənin geosiyasi xəritəsində dönüş nöqtəsi olan bu müharibədə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməyib, həm də regional sülh və təhlükəsizliyin təmin olunmasında Türkiyə ilə birgə hərəkət edərək həm özünün, həm də qardaş ölkənin strateji rolunun artmasına gətirib çıxarıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, ölkəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətindəki səyləri dəstəkləyir, regiona qalıcı sülhün gəlməsində maraqlıdır. Lakin rəsmi Ankara hər zaman onu da vurğulayır ki, bu prosesdə Azərbaycanın maraqları Türkiyə üçün vacibdir və qardaş ölkə hər fürsətdə bu maraqları nəzərə alacaq.
2020-ci ildə baş verən Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək iki ölkə arasında möhkəm strateji tərəfdaşlığın təməlini daha da gücləndirib. Beynəlxalq arenada ölkələrimizin ortaq mövqedən çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və beynəlxalq hüququn müdafiəsi istiqamətində təsirli addımların atılması bir tərəfdən ikitərəfli əlaqələri daha da möhkəmləndirib, digər tərəfdən də dünya birliyinə əməkdaşlığın yaxşı nümunəsini təqdim edib. Dövlət başçılarının iştirakı ilə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi də məhz bu əlaqələrin təzahürü idi. Artıq Türkiyə və Azərbaycanın ortaq strategiyası nəticəsində bölgədə yeni enerji və nəqliyyat marşrutları formalaşır, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP qaz layihələri kimi təşəbbüslər, regional enerji təminatında Türkiyə və Azərbaycanın ortaq strategiyasının təzahürü kimi diqqəti cəlb edir. Bundan əlavə, ölkələrimizin ortaq nəqliyyat dəhlizləri regional inteqrasiyanı sürətləndirir və iqtisadi sabitliyə töhfə verir, həmçinin regional siyasi-sosial dinamikanı dəyişir.
Regiondakı mövcud güc balansının artıq Türkiyə və Azərbaycanın əlinə keçməsi bölgənin mərkəzi aktorları kimi ölkələrimizin sülh və təhlükəsizlik təşəbbüslərini də hərəkətə keçirməsinə imkan verir. Ölkələrimiz bölgədə yaranan yeni problemlərə qarşı ortaq siyasət və strategiyaların hazırlanması, ikitərəfli dialoqun və koordinasiyanın artırılması, regional sülhün təmin olunması istiqamətində fəal işləyir. Ermənistanla münasibətlərin normallaşmasından tutmuş Suriyanın yeni adminstrasiyası ilə əlaqələrin qurulmasına qədərki bütün mərhələlərdəAzərbaycan və Türkiyənin birgə həyata keçirdiyi əlaqələrin bütün hallarda rifahın, sülhün və təhlükəsizliyin təmin olunmasına yönəldiyini göstərir.
Bu geniş əməkdaşlıq modeli, yalnız münaqişələrin həlli deyil, həm də gələcək nəsillərin sülhsevər və sabit bir regionda yaşaması üçün rol oynayır. Türkiyə və Azərbaycanın regional proseslərdə nümayiş etdirdiyi liderlik, yalnız öz aralarında deyil, bütün qonşu dövlətlər və beynəlxalq ictimaiyyət üçün də nümunə təşkil edir. Bu baxımdan Azərbaycan Prezidentinin Türkiyəyə budəfəki səfəri də ikitərəfli münasibətləri, qardaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xidmət edir. İndiki məqamda bu səfərin daha bir önəmi onun beynəlxalq əhəmiyyəti, xarici aləmə hansı mesajları verməsi ilə əhəmiyyətlidir. Qarşılıqlı bəyanatlar onu deməyə əsas verir ki, Türkiyə-Azərbaycan birliyini heç bir qüvvə poza bilməz, heç bir qüvvə bizim aramıza girə bilməz. Digər tərəfdən bu təmaslar həm də onu göstərir ki, Türkiyə və Azərbaycan öz addımlarını koordinasiya edilmiş formada atır və bu siyasətdə fərqli düşüncə və maraqlara yer yoxdur.
MTM Analitik Qrup