ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUDA “KOMANDO BAŞLANĞIC KURSU”NUN BURAXILIŞ MƏRASİMİ KEÇİRİLİB

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun ilk buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik edib, Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini onlara çatdırıb. General-mayor K.Seyidov Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib.

Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.