
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.
Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.
Dövlətimizin başçısı və Birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.
Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.











