“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Müəyyən edilib ki, “Rəqəmsal ekologiya” informasiya sistemi (bundan sonra – REİS) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edir;
REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Nazirliklə birlikdə “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq REİS-in “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir;
Nazirliklə birlikdə REİS-də formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etməlidir.
Nazirlik REİS-in formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir;
REİS-in fəaliyyəti zamanı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən ətraf mühitin mühafizəsində, ətraf mühit təsvirlərinin və məlumatlarının əldə olunmasında istifadəni təmin etməlidir;
Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Fərman nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin Nazirliyin sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
“Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamənin tam mətni ilə linkə keçid edərək tanış ola bilərsiniz.