YENİ DÜNYA NİZAMI FORMALAŞIR, AZƏRBAYCAN GÜC MƏRKƏZLƏRİNİ FORMALAŞDIRAN ƏSAS DÖVLƏTLƏR SIRASINDA YER ALIR

Müasir dünyada baş verən xaos proseslərinə qalib gəlmək üçün yeni dünya düzəninin formalaşmasının zəruriliyindən getdikcə daha çox bəhs edilir. Buna səbəb odur ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemində olduqca ciddi böhran yaşanır. Eyni zamanda, dünyanın ən güclü dövlətlərinin münasibətlərində mühüm dəyişikliklər qeydə alınır. Sözügedən kontekstdə yeni güc mərkəzlərinin formalaşması da diqqətdən yayınmır.

Hazırda dünyanın siyasi nizamında, beynəlxalq münasibətlər sistemində ümumi transformasiya gedir ki, bu da müasir dövlətlərarası əlaqələrdə yeni  vəziyyət formalaşdırır. Qərb dominantlığının sona çatmasını ehtiva edən yeni beynəlxalq nizam həm də çoxmərkəzli dünyanın formalaşması tendensiyasını özündə ehtiva edir.  

Yeni dünya nizamını şərtləndirən daha bir məqam budur ki, müasir dövrdə qlobal miqyasda mühüm geosiyasi dəyişikliklər qeydə alınır. Tarixi təcrübə də sübut edir ki, belə dəyişikliklər daim yeni bir nizamın formalaşmasının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Hələ Birinci Dünya müharibəsi başa çatdıqdan sonra beynəlxalq əməkdaşlıq üçün vahid çərçivə yaratmaq və gələcək münaqişələrin qarşısını almaq məqsədilə Millətlər Liqası yaradıldı. Liqa son nəticədə uğursuzluğa düçar olsa da, qlobal sülhü və təhlükəsizliyi qorumaq üçün daha geniş səylərin bir hissəsi kimi İkinci Dünya müharibəsindən sonra yaranan Birləşmiş Millətlər Təşkilatının əsasını qoydu.

“Soyuq müharibə”nin başa çatması və SSRİ-nin dağılması ilə növbəti dəfə yeni dünya nizamının formalaşması beynəlxalq gündəmdə əsas mövzuya çevrildi. Hətta Sovet İttifaqının dağılması fonunda o vaxtkı ABŞ rəhbərliyi açıq şəkildə Amerika və müttəfiqlərinin rəhbərlik etdiyi beynəlxalq əməkdaşlıq sistemi ilə xarakterizə olunan yeni dünya nizamından danışmağa başladı. Bu yanaşma kollektiv təhlükəsizlik, iqtisadi liberallaşma və demokratik dəyərlərin təşviqini ehtiva edirdi. Amma Qərbin ikili standartları, beynəlxalq hüquq normalarını öz maraqları naminə istənilən vaxt rədd etməsi nəticəsində ötən əsrin son dekadasında formalaşmağa başlamış yeni dünya nizamı da gözlənildiyindən sürətlə dağılmağa başlayıb.

Proseslərin gedişi hazırda beynəlxalq münasibətlər sistemində sürətli transformasiyanın yaşandığını göstərir. Özü də formalaşmaqda olan indiki dünya nizamına geosiyasi faktorlar, yeni güc mərkəzlərinin yaranması ilə yanaşı,  texnoloji tərəqqi, iqtisadi qloballaşma, iqlim dəyişikliyi kimi faktorlar da əsaslı şəkildə təsir edir. Hazırda Qərbin son onilliklər ərzində ənənəvi hökmranlığının sarsılması  müşahidə olunur. Qərb dünyasında yaşanan müxtəlif böhranlar da burada öz sözünü deyir, güc dinamikasının dəyişməsinə rəvac verir. Yeni güc mərkəzlərini formalaşdıran ölkələr sırasında isə Azərbaycan da yer alır. Bunu şərtləndirən mühüm məqamlardan biri heç şübhəsiz ki, İkinci Qarabağ müharibəsinin nəticələridir.

Azərbaycanın artan imkanları, çevik siyasəti beynəlxalq münasibətlər sistemində ölkəmizə çoxsaylı üstünlüklər qazandırır. Ölkəmizin yer aldığı türk dünyasının yeni intibahı da Azərbaycana yeni imkanlar təqdin edir. Ümimiyyətlə, Azərbaycanın  aparıcı üzvlərindən biri olduğu Türk Dövlətləri Təşkilatının yeni dünya nizamının formalaşması fonunda beynəlxalq miqyasda ciddi güc mərkəzinə çevrilmə potensialının yüksək olduğu isə artıq hamı tərəfindən qəbul olunur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamı formalaşmasından danışarkən bu məsələyə geniş nəzərə salıb: “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır… Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər… Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.

Mövcud reallıq göstərir ki, “Soyuq müharibə”dən sonrakı birqütblü dünyadan fərqli olaraq, indiki dövr çoxsaylı güc mərkəzləri ilə əlamətdardır. Regional oyunçular qlobal qərarların qəbuluna getdikcə daha çox təsir göstərir. Azərbaycanın sıralarında yer aldığı Türk Dövlətləri Təşkilatı, D-8 belə oyunçulardandır. Bu təşkilatların potensialları, malik olduğu əhali sayı, təbii sərvətləri, coğrafi mövqeləri və bu qəbildən olan digər hallar onların qarşıdakı dövr ərzində qlobal proseslərin inkişaf axarına daha çox təsir etmək, onlara yön vermək imkanında olduğunu göstərir. Nəzərə alınması mühüm məqamlardan biri də odur ki, yeni dünya nizamının yaranması qlobal idarəçilik, beynəlxalq münasibətlər üçün dərin təsirlərə malikdir. Bu nizam konsepsiyası bəşəriyyətin mürəkkəb və bir-biri ilə əlaqəli ölkələrdən ibarət dünyanı idarə etmək üçün növbəti axtarışını əks etdirir. Yeni dünya nizamı termin kimi fərqli mənalarda daşısa da, onun mahiyyəti daha çox əməkdaşlıq edən, ədalətli və davamlı qlobal sistemin axtarışındadır. Buna nail olmaq milli maraqların kollektiv məqsədlərlə balanslaşdırılmasını, innovasiyaların qəbul edilməsini,  mədəniyyətlər və ideologiyalar arasında dialoqun təşviqini tələb edir.  Yeni dünya nizamı bəşəriyyətin gələcəyinin formalaşdırılmasında dinamik və çoxşaxəli fenomen kimi də qəbul olunur. Azərbaycanın bu prosesdə aparıcı ölkələrdən biri olması yeni tariximizdə ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir.

MTM Analitik Qrup