Ali məktəblərin boş qalmış plan yerlərinə qəbul olanlar sentyabrın 14-ü saat 12:00-dan sentyabrın 20-si saat 23:59-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar isə sentyabrın 24-ü saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Qeyd: Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.